• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Masallı, Cəlilabad və Yardımlı rayonlarının təhsil işçiləri ilə görüş

Mayın 25-də Masallı Rayon Mədəniyyət Mərkəzində təhsil nazirinin müavini Firudin Qurbanov və Təhsil Nazirliyinin məsul əməkdaşları Masallı, Cəlilabad, Yardımlı rayonlarının təhsil işçiləri ilə görüşüb.

Tədbirin keçirilməsində məqsəd respublikanın şəhər və rayonlarında çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və gücləndirilməsinin əsas istəqamətləri barədə tövsiyələr verməkdən ibarətdir.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Mədəniyyət Mərkəzinin foyesində rayon məktəblilərinin əl işləri və idman sahəsində qazandığı uğurları əks etdirən sərgiyə baxış keçirilib.

Görüşdə Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayıb, onları qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Nazir müavini son 25 il ərzində ölkə həyatının bütün sahələrində qazanılan uğurlardan, regionlarda, o cümlədən Masallı rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən danışıb.

Təhsil sahəsində aparılan islahatlardan bəhs edən F.Qurbanov son illərdə bir sıra vacib hüquqi-normativ sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir, 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr aparılır. Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini söyləyən nazir müavini Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumi təhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacağını bildirib.

F.Qurbanov çıxışında təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-sağird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Müasir dövrdə ölkənin təhsil sisteminin ali məqsədi XXI əsrin tələblərinə cavab verən, milli ruhlu, vətənpərvər, bilikli, bacarıqlı, kamil vətəndaşlar yetişdirməkdir. Tərbiyənin strateji istiqamətlərindən bəhs edən nazir müavini bu baxımdan məktəbdənkənar təhsilin üzərinə düşən vəzifələr haqqında fikirlərini bildirib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bölgədə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. R.Hüseynov uşaqların, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə Təhsil Nazirliyinə öz təşəkkürünü bildirib və rayon təhsil işçilərinə yaradılmış bu imkandan yararlanmağı tövsiyə edib.

Görüşdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyin direktoru Taleh Əkbərov və başqaları ümumi təhsil məktəblərində tədris, təlim və tərbiyə sahəsində görülmüş işlərdən söhbət açıb, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.

Sonda təhsil işçilərinin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


7 il əvvəl