12.05.2016

Təhsil Nazirliyi “Vətən tarixi” seminarlarına start verib

Mayın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk “Vətən tarixi” seminarı Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib.

“Vətən tarixi” seminarlarının məqsədi müasir Azərbaycanın tarixi gerçəkliklərinin və ölkənin taleyində mühüm rol oynayan proseslərin interaktiv müzakirəsini, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etməkdən və bununla əlaqədar pedaqoji kollektivlərin fəaliyyətini gücləndirməkdən ibarətdir.

Tədbirdə millət vəkili Elman Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, eləcə də AMEA-nın Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev, BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev, əməkdar müəllim Əyyub Şırlanlı və Təhsil Nazirliyinin əməkdaşları, Şuşa rayon təhsil ictimaiyyətinin nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.

Öncə seminar iştirakçılarına “Şuşa öz tarixi, abidələri və övladları ilə” adlı videoçarx nümayiş olunub.

Seminarda Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb, ölkəmizin məruz qaldığı hərbi müdaxilə və Ermənistanın işğalçılıq siyasəti barədə konkret faktlar sadalanıb. Hazırda Azərbaycanın sabit və qüdrətli dövlət kimi öz haqq işini zəfərlə başa çatdırmağa, ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu vurğulanıb.

Qeyd olunub ki, gələcəyimiz olan bugünkü məktəblilər elmi biliklərə dərindən yiyələnməklə bərabər, eyni zamanda əsl vətəndaş kimi formalaşmalı və milli-mənəvi dəyərlərimizə qəlbən bağlı olmalıdırlar. Bu baxımdan ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlər daha sistemli və intensiv xarakter almalı, onlarda doğma torpağa sədaqət hissinin möhkəmləndirilməsi pedaqoji kollektivlər tərəfindən prioritet vəzifə kimi qəbul edilməlidir.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikamızın, eləcə də yaşadıqları ərazinin tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi və son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir.

“Vətən tarixi” seminarı davamlı olaraq digər ümumi təhsil məktəblərində də keçiriləcəkdir.


Açar sözlər: ,