04.05.2016

U-17 Avropa Çempionatı Azərbaycan-2016 çərçivəsində görüşlər

“UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016” turnirinin yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyilə Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərilə görüşlər keçirib.

Görüşlərin keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin futbola marağını artırmaq, müvafiq təbliğat işləri aparmaq və U-17 çempionatı barəsində şagirdləri məlumatlandırmaqdan ibarətdir.

Ümumilikdə, paytaxtın 46 ümumi təhsil müəssisəsində 3700 nəfərədən artıq şagirdlə görüş keçirilib. Görüşlərdə ölkə çempionatında və yığma komandada çıxış edən futbolçular, eləcə də U-17 çempionatında çıxış edəcək gənclər və Bakıda keçiriləcək U-17 Avropa Çempionatının səfiri, əməkdar artist Röya da iştirak edib.

Görüşlər çərçivəsində çempionat barədə məktəblilərə məlumat verilib və onların sualları cavablandırılıb. Həmçinin, U-17 Avropa Çempionatı vasitəsilə uşaqların futbola, sağlam həyat tərzinə həvəsləndirilməsi, bu turnirə və komandamıza dəstək verməyin vacibliyi vurğulanıb.