06.04.2016

Paris Sorbonna Abu Dabi Universitetinə səfər

SABAH qrupları layihəsinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində yerləşən Paris Sorbonna Abu Dabi Universitetinə səfər edib.

SABAH layihəsinin Paris Sorbonna Abu Dabi Universiteti ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş səfərdə SABAH tələbələri “Tənqidi düşüncə texnikası” adlı 5 günlük təlimdə iştirak ediblər. Təlimin məqsədi SABAH tələbələrinin savadlı, bacarıqlı və hazırlıqlı yetişməsinə dəstək olmaq, müasir dövrdə tənqidi və analitik düşüncə qabiliyyətinin əhəmiyyətinə diqqət çəkmək, tələbələrə tənqidi düşünmənin texnika və yollarını aşılamaqdan ibarətdir. Dərslər mühazirə, diskussiya və qrup işi formasında aparılıb.

Qeyd edək ki, təlimdə iştirak etmək üçün tələbələrin seçimi ümumi orta müvəffəqiyyət göstəricilərinin qiymətləndirilməsi, xüsusi test imtahanı və müsahibə mərhələlərindən ibarət olmaqla, müsabiqə yolu ilə aparılıb. Təlimdə tələbələrin qrup lideri qismində SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak edib.

Səfər müddətində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadənin Paris Sorbonna Universitetinin rektoru Erik Fuaşe, Qlobal əməkdaşlıq üzrə Abu Dabi Təhsil Şurasının sektor müdiri Cihad Mohaidat və Yüksək Təhsil üzrə Əmirliklər Kollecinin rektoru Robert Miln ilə görüşləri keçirilib.

Təlimin sonunda Paris Sorbonna Abu Dabi Universitetinin rektoru Erik Fuaşe, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov, SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və SABAH İcra Komitəsinin üzvü Mehriban Nəzərovanın iştirakı ilə bağlanış mərasimi keçirilib, tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsini əhatə edən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları verən SABAH layihəsi ali təhsil sahəsində ən aparıcı layihələrdəndir.


Açar sözlər: ,