04.04.2016

Təhsil Nazirliyi yeni təlimlərə start verib

Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində  "Biz hamımız insanıq və hamımız eyniyik" mövzusunda interaktiv təlimlərə start verib.

 İlk təlim Bakı şəhəri 46 saylı tam orta məktəbdə Azərbaycan, rus və yəhudi dillərində təhsil alan şagirdlər üçün keçirilib.        

Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, UNİCEF-in, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.

Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək,  etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.

Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər.

İnteraktiv formada keçirilən təlimdə təqdimatlar edilib. Bildirilib ki,  layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm  müsabiqələri keçiriləcək.


Açar sözlər: ,