• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Tələbənin müəllimdən asılılığı minimuma endirilməlidir” - "Uğur formulu"

Təhsil Nazirliyi və Lent.az informasiya agentliyinin birgə layihəsi olan və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Heriot-Vat Universitetinin tələbəsi Samir Məmmədovdur. 

Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü S.Məmmədov Böyük Britaniyanın Heriot-Vat Universitetində tətbiqi robototexnika ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Həmin müsahibəni təqdim edirik. 

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? 

- Bəli, xaricdə təhsil ümidlərimi doğruldur. Çünki təhsil aldığım müddətdə xaricdə təhsilin kifayət qədər üstünlüklərini və faydalarını gördüm. Burada təhsil aldığım qısa zamanda informasiyamın, biliyimin sürətlə artdığını deyə bilərəm. Əldə etdiyim akademik biliklərdən, praktiki təcrübələrdən çox razıyam.

Bundan əlavə, xaricdə təhsilin sosial və mədəni həyatımdakı müsbət təsirlərini də hiss etməmək mümkün deyil. Artıq daha asan şəkildə yeni mühitə, yeni insanlara, yeni mədəniyyətə uyğunlaşa bilirəm. 

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? 

- Bakalavr səviyyəsini Azərbaycanda bitirdiyim üçün ölkəmizdəki təhsil sistemindən kifayət qədər məlumatım var. Bu məlumatlara əsaslanaraq, onu deyə bilərəm ki, buradakı təhsil sistemi ilə ölkəmizdəki təhsil sistemi kifayət qədər fərqlənir.

Əvvəl təhsil aldığım ali məktəbdə dəyişilməsini istədiyim önəmli cəhətlərdən biri universitet daxilində təhsilin idarə edilməsi sistemidir. Məncə, bu sahədə tələbənin müəllimdən asılılığı minimum həddə endirilməlidir. Yeni sistem təhsil müddəti ərzində tələbədə müstəqil araşdırmaq və öyrənmək vərdişləri formalaşdırmalıdır. Bu da tələbənin gələcək elmi araşdırmalarına və fəaliyyətinə böyük kömək edən amillərdəndir. Bundan başqa, nəzəri dərslərin praktiki dərslərlə paralel şəkildə aparılmasını istərdim. Çünki, praktikasız nəzəri dərslər tələbədə tədris olunan fənn, elm haqqında ancaq “kağız üzərində mövcuddur” təəssüratı yaradır və “gələcək iş fəaliyyətində lazım olmayacaq” düşüncəsi formalaşdırır. Bu da son nəticədə tələbədə öyrənəcəyi fənnə qarşı soyuqluq və biganəlik yaradır. 

- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? 

- Bura Təhsil Nazirliyi tərəfindən verilən materialları - “Azərbaycanın Etnik Turizmi”, “Azərbaycan Ənənəvi Əl Sənətləri” və digər kitabları gətirmişdim. Bunlardan əlavə, Azərbaycanın müstəqillik illəri ərzində müxtəlif sahələrdə - idmanda, incəsənətdə, sənayedə əldə etdiyi nailiyyətləri özündə əks etdirən kiçik kitabçalar və dövlət rəmzlərimizdən nümunələr gətirmişdim. 

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? 

- Azərbaycan gənclərinə onu demək istərdim ki, heç vaxt nəyinsə, xüsusilə oxumağın, öyrənməyin gec olduğunu düşünməsinlər. Öncə də dediyim kimi, tədris olunan hər hansı bir fənnə “gələcəkdə lazım olmayacaq” düşüncəsi ilə yanaşmasınlar. Çünki tədris olunan bütün fənlər gələcək iş fəaliyyətində və ya elmi araşdırmalarda lazım olacaq. Qarşınıza məqsəd qoyun və həmin məqsədə çatmaq üçün hər gün az da olsa, yeni bir şey öyrənin. 

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? 

- Oxuduğum universitetdə müəllim-tələbə münasibəti çox yüksək səviyyədədir. Müəllimlərimiz tələbələrə qarşı çox təvazökar, səmimi, gülərüzlü, zarafatcıl olmaları ilə fərqlənir. Burada müəllimlər tələbələrin sadəcə yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi üçün deyil, eyni zamanda müstəqil şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayırlar. Müəllimlərimiz bizlərlə dost olmağa çalışırlar. Kiçik, çox da önəmli olmayan problemimiz də olsa, vaxt ayırır, qulaq asır, fikir mübadiləsi edir və məsləhətlərini verirlər. Bütün bunlar da tələbə ilə müəllim arasında səmimiyyətin və dostluğun yaranmasına gətirib çıxarır. 

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? 

- Bəli, əcnəbi tələbələrə münasibətdən çox razıyam. Bizim universitetdə demək olar ki, dünyanın hər yerindən, müxtəlif millətlərdən tələbələr və müəllimlər görmək olar. Bu səbəbdən uzun illər ərzində universitetimizdə çoxmədəniyyətli mühit formalaşıb. Bu da əcnəbi tələbənin mühitə asanlıqla uyğunlaşmasına yardımçı olur. 

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? 

- Fikirləşirəm ki, Azərbaycan təhsil sisteminin üstünlükləri ilə yanaşı, müəyyən çatışmayan cəhətləri də var. Misal üçün, ölkəmizdə təhsil sistemi əsasən, nəzəriyyə üzərində qurulub. Tələbə universiteti bitirdikdən sonra güclü nəzəri biliklərə sahib olsa da, bu bilikləri praktikada necə tətbiq edəcəyi haqda demək olar ki, məlumatsız olur. Əvvəldə qeyd etdiyim kimi, bu səbəbdən praktiki dərs saatlarının artırılmasını arzu edərdim. 

Bunlardan əlavə, ölkəmizdə təhsilin idarəedilməsi sistemi Böyük Britaniya ilə müqayisə olunduqda, tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Böyük Britaniya təhsil sistemində tələbənin müəllimdən asılılığı minimum səviyyədədir. Burada mövcud olan təhsil sistemi təhsil müddəti ərzində tələbədə müstəqil araşdırmaq, öyrənmək qabiliyyəti formalaşdırır. Bu səbəbdən ölkəmizdəki təhsil ocaqlarında tələbələrə daha çox müstəqil işlərin verilməsinin tərəfdarıyam. Bununla da tələbədə müstəqil araşdırmaq, öyrənmək vərdişləri formalaşacaq və tələbənin gələcək elmi araşdırmalarında və fəaliyyətində böyük dönüş yaranacaq. 

- Çətinlikləriniz varmı?

 - Təbii ki, yeni mühitə düşdükdə hər bir insan müəyyən müddət çətinlik çəkir. İlk dövrlər mənim də müəyyən çətinliklərim oldu və zamanla bunların öhdəsindən gəldim. 

Bunlara misal olaraq, ünsiyyət zamanı yerli əhalinin çətin başa düşülən aksentinin olmasını və günəşli günlərin sayının ölkəmizlə müqayisədə azlığını göstərə bilərəm. Belə hava şəraiti istər-istəməz insanın əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Lakin zaman ötdükcə bu kimi müvəqqəti çətinliklər də öz həllini tapdı. 

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz? 

- Asudə vaxtlarımda adətən, yeni qazandığım dostlarımla vaxt keçirirəm. Müxtəlif mədəniyyətlərdən olan bu insanlarla ünsiyyətdə olmaq çox maraqlıdır. Həftə sonları isə əsasən şəhərin gəzməli, görməli yerlərinə gedirəm. Bəzən də maraqlı kino olanda, onu qaçırmamağa çalışıram. Həmçinin, mütəmadi olaraq idmanla məşğul oluram.

 

Lent.az


8 il əvvəl