• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İçərişəhər və Qala qoruqlarında “Novruz – Bahar Festivalı”

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini təmin edib. Belə ki, 20-21 mart 2016-cı il tarixlərində İçərişəhərdə “Novruz – Bahar Festivalı” keçirilib.

Milli adət-ənənələrlə zəngin Novruz bayramına və baharın gəlişinə həsr olunmuş festival günlərində “Qoşa Qala” Qapısı meydanında “Meydan Bazarı” təşkil olunub.  “Meydan Bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub.

Novruz bayramı şənliklərində səhər saatlarından pəhləvanlar, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, kəndirbaz və sehrbazlar öz məharətlərini göstəriblər. Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artırıb.

Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri,  müasir estrada və caz musiqisi səsləndirilib. Tədbirdə Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları da iştirak ediblər.   

“Novruz – Bahar Festivalı” çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində (Böyük Qala küçəsi, 19 və Kiçik Qala küçəsi, 13 ünvanlarında)  “master-klass”lar təşkil olunub.

Bayram tədbirləri çərçivəsində martın 20-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçirilib. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə qonaqlar rəngarəng konsert proqramını, Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi və xalça toxunması prosesini izləyiblər. Tədbir zamanı qonaqlar, həmçinin müxtəlif ölkələrin mədəniyyətini əks etdirən tətbiqi sənət əsərləri, suvenirlər, açıqcalar, milli mətbəx nümunələri ilə tanış olub, Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dadıblar. Müxtəlif xalqların adət-ənənəsini və özünəməxsusluğunu ehtiva edən təqdimatlar yaşadığımız “Multikulturalizm ili”nə daha bir töhfə olub.


8 il əvvəl