Azərbaycanlı şagird beynəlxalq mükafata layiq görülüb
Fevralın 29-da Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalının təltifetmə mərasimi keçirilib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, yaradıcılıq sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2015-ci ildə ilk dəfə olaraq məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə ÜƏMT mükafatlarının verilməsinə başlanılıb.
Ötən il Müəllif Hüquqları Agentliyi (MHA) və Təhsil Nazirliyi tərəfindən namizədin müəyyənləşdirilməsi üçün seçim turu keçirilib və nəticələrə əsasən, Bakı Avropa Liseyinin VII sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilib.
Hüseyn Hacıyev “Microsoft Azərbaycan” şirkəti və İnformatika üzrə olimpiada mərkəzinin köməkliyi ilə bir sıra yaradıcılıq uğurları əldə edib.
Təhsil Nazirliyinin seçim turunun nəticələri barədə tərtib etdiyi sənədlər müvafiq qaydada baxılması və qərar qəbul edilməsi üçün Müəllif Hüquqları Agentliyi tərəfindən ÜƏMT-yə təqdim olunub. Mükafatlar Proqramının Qaydalarına uyğun olaraq, təqdim edilmiş namizəd, onun yaradıcılıq nailiyyətləri və uğurları haqqında məlumatlara ÜƏMT-nin ekspertləri tərəfindən baxılıb, Azərbaycan məktəblisinə Məktəb şagirdləri kateqoriyası üzrə ÜƏMT mükafatının verilməsi haqqında qərar qəbul edilib.
Təltifetmə mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Hüseyn Hacıyev bal sistemi ilə şagirdlərin qiymətləndirilməsi üzrə liseyin müəllimləri üçün tətbiqi proqram yaradıb. Proqram lisey müəllimlərinə şagirdlərin təlim nəticələrini asanlıqla və vaxt sərf etmədən hesablamağa imkan verir. Hüseyn Hacıyev eləcə də bir neçə dəfə beynəlxaq mükafatlara layiq görülüb.
Digər çıxış edənlər azərbaycanlı məktəblinin qazandığı bu nailiyyətin ölkəmizdə təhsilin və gənclərin inkişafı sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğunu bildirib və Bakı Avropa Liseyinin şagirdini təbrik ediblər.
Hüseyn Hacıyev qazandığı uğurlara görə müəllimlərinə təşəkkürünü bildirib.
Sonda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının medalı, xatirə hədiyyəsi və həmin təşkilatın baş direktoru Frensis Qarri tərəfindən imzalanmış sertifikat Hüseyn Hacıyev təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55