24.02.2016

Növbəti “Novruz mühazirəsi” keçirilib

Fevralın 24-də Qafqaz Universitetində növbəti “Novruz mühazirəsi” keçirilib.

Görüşdə Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.

“Novruz mühazirələri”nin növbəti görüşündə Amerika Birləşmiş Ştatlarının Silikon Vadisindən dəvət edilmiş Esin Sile “Startaplar üçün Amerikadan ən yaxşı təcrübə” mövzusunda mühazirə oxuyub. Esin Sile mühazirədə startapların yaradılmasında Amerika təcrübəsini paylaşıb, innovativ təhsillə bağlı dünya təcrübəsini bölüşüb.

E.Sile mühazirəsində inkişaf edən startapların müəyyənləşdirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, rəqabət mühitinin yaradılması, investisiyanın tapılması imkanları və sahibkarlıq fəaliyyətinin təşkili məsələlərinə toxunub. Həmçinin dünya təcrübəsinə istinad edərək Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı  öz təkliflərini verib.

Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, E.Sile uzun müddətdir ki, təcrübəli iqtisadçı və məsləhətçi olaraq təhsil sektorundakı müəssisə və təşkilatlarla əməkdaşlıq etməkdədir. O, innovasiya və sahibkarlıq üzrə beynəlxalq konfranslarda tez-tez çıxışlar edir.


Açar sözlər: ,  ,  ,