15.02.2016

Beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçim turu keçirilib

Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, eləcə də Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə yeni şagirdlərin seçimi aparılıb.

2015-ci ilin oktyabr ayından bu ilin yanvar ayınadək ölkənin bütün şəhər və rayonlarında keçirilmiş fənn müsabiqələrinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə 70-120 şagird bu seçim mərhələsi üçün Bakıya dəvət olunub. Seçim mərhələsində iştirak edən şagirdlərin 60 faizi bölgələrdən olub.

Ümummilikdə riyaziyyat , fizika, kimya və biologiya fənləri üzrə 400-ə yaxın VII və VIII sinif şagirdi seçim turunda öz bilik və bacarığını nümayiş etdirib. Hər fənn üzrə seçilmiş 15-20 şagird xüsusi proqram əsasında olimpiadalara hazırlıq məşğələlərinə cəlb olunacaq.

Qeyd edək ki, müvafiq seçim turu Təhsil Nazirliyi tərəfindən artıq ikinci dəfədir keçirilir. 2014-2015-ci tədris ilində seçilmiş şagirdlər artıq 1 ildir ki, mərkəzlərdə hazırlıqlarını davam etdirirlər.


Açar sözlər: ,  ,