• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Arzuların dalınca getməkdən imtina etməyin” – “Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə layihəsi.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Surrey Universitetinin tələbəsi Gülay Məmmədovadır. G. Məmmədova Böyük Britaniyanın Surrey Universitetində insan resurslarının idarəolunması ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.

 - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Artıq ikinci dəfədir ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə

Dövlət Proqramı” çərçivəsində təhsil almaq şansı qazanmışam. Birləşmiş Krallıqda magistratura səviyyəsi üzrə təhsil almaq mənim üçün çox qürurverici bir haldır.

Xaricdə təhsil inkişaf edən dünyaya qovuşmaq, ünsiyyət qurmaq, öyrənmək, təcrübə və əcnəbi dostlar qazanmaq deməkdir. Məhz bu şəraitdə beynəlxalq əlaqələrin özəyi qurulur və rəqabət qabiliyyətli mütəxəssislər yetişir.

Təhsil aldığım ali təhsil ocağında tələbələrin nəzəri bilikləri ilə bərabər, tətbiqi bacarıqlarının təkmilləşdirilməsi də təhsil prosesində mühüm rol oynayır. Əldə etdiyim akademik biliklərə və mədəni-sosial təcrübəyə əsasən, deyə bilərəm ki, xaricdə təhsil ümidlərimi tam doğruldur.

- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz ?

- İlk mərhələdə nəzər yetirdiyim kitabların sırasında “Learning and Development for Managers” (Sadler-Smith, 2006), “Human Resource Management” (Gilmore and Williams, 2013), “Organisational Behaviour and Work” (Wilson, 2010) və “Management and Organisational Behaviour” (Mullins, 2010) kimi kitablar xüsusi yer tutur. Təhsil aldığım ixtisasın nəzəriyyə ilə bərabər, həmçinin tətbiqi məzmun daşımasına görə jurnallardakı müasir məqalələrə də nəzər salıram.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Bakalavr təhsilimi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İsveçrənin Qlion Ali Təhsil İnstitutunda aldığımdan, ölkəmizdə ali təhsil təcrübəsinə malik deyiləm. Ancaq bir çox dostlarımın təcrübə və şərhlərinə əsasən, bir sıra dəyişikliklərə ehtiyac olduğunu düşünürəm. İlk növbədə, ali təhsil ocağında təhsil strategiyasının düzgün qoyulması və informasiya mənbələrinin təkmilləşdirilməsidir. Bu addım təhsilin daha düzgün idarə olunması ilə bərabər, tələbələrin daha da həvəsləndirilməsi ilə nəticələnə bilər. Eyni zamanda, tədris proqramı çərçivəsində tətbiqi yönümlü layihələrin tələbələrə təqdim olunması arzuladığım dəyişikliklərdən biridir.

- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

- Ölkəmizin mədəni və sosial tədbirlərdə tanıdılması üçün gətirdiyim materialların sırasında milli rəmzlərimizi əks etdirən suvenirlər, bayraq, disklər, broşürlər, kiçik xalça üzərində əks olunmuş Azərbaycan gerbi, tarixi abidələrimiz və milli geyimlərimiz haqqında materiallar yer tapır.

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Azərbaycan gənclərinə, həmyaşıdlarıma tövsiyəm odur ki, qarşılaşdıqları müəyyən uğursuzluqlara baxmayaraq, arzularının dalınca getməkdən imtina etməsinlər. Uinston Çörçilin qeyd etdiyi kimi, “Uğur, həvəs itirmədən bir uğursuzluqdan digər uğursuzluğa aparan bir yolun nəticəsidir”. Ən əsası da, gənclər maraq dairələrində olan sahə üzrə təhsil seçimlərini etsinlər. Məhz bu halda ixtisasları üzrə peşəkar və yetərincə bacarığa malik mütəxəssis ola bilərlər.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Hazırda təhsil aldığım ali məktəbdə müəllim-tələbə münasibətində ikitərəfli hörmət və səmimi ünsiyyət müşahidə olunur. Səmimi ünsiyyət dedikdə, müəllimlər elmi dərəcə və vəzifələrini qorumaqla bərabər, tələbələrin müstəqil şəkildə fikirlərini ifadə etmələrinə imkan yaradır və bu fikirlərə hörmətlə yanaşırlar. Tələbələrin akademik və sosial nailiyyətlərini qiymətləndirmək və həvəsləndirmək məqsədilə hər ilin sonunda mükafatlandırma mərasiminin təşkil olunması da yerli ali təhsil sistemində mühüm rol oynayır.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Bəli, universitetimizdə əcnəbi tələbələrə münasibətdən tam razıyam. Müxtəlif mədəniyyət və dinlərə aid olan tələbələr arasında ünsiyyət zamanı hörmət və səmimiyyət müşahidə olunur. Həmçinin, müəllim-tələbə münasibətlərinə də nəzər saldıqda, heç bir milli, irqi və dini ayrı-seçkilik yoxdur.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycan təhsil sisteminin müasir və beynəlxalq təhsil standartlarına uyğun təkmilləşdirilməsi zəruridir. Hazırda təhsil sistemimizin mövcud potensialının düzgün istiqamətləndirilməsi müşahidə olunsa da, bir qədər də yeni dəyişikliklərə ehtiyac var. Müasir ali təhsil texnologiyalarının təhsil ocaqlarında tətbiqi mühüm addımlardan biri kimi qəbul oluna bilər.

- Çətinlikləriniz varmı?

- Mənim üçün çox sevindirici haldır ki, hələlik hər hansı bir ciddi çətinliklə rastlaşmamışam.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtımı əsasən, qeyri-akademik məşğuliyyətlərə həsr edirəm. Bunlara müxtəlif sosial tədbirlərdə iştirak etmək, bəzi idman növləri ilə məşğul olmaq, təhsil aldığım şəhər və İngiltərənin paytaxtı London şəhərinin çoxsaylı tarixi abidələri, beynəlxalq səviyyəli sərgilər ilə yaxından tanışlıq daxildir.

 

Lent.az


8 il əvvəl