20.01.2016

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

18-20 yanvar tarixlərində keçirilən Forum  dünyanın 80-dən çox ölkəsinin təhsil nazir  və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb.

Təhsil naziri Mikayıl Cabbarov Forumun ikinci günündə "“Müəllimlərin işə qəbulu, peşə fəaliyyətlərinin təkmilləşdirilməsi, təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması siyasəti” adlı sessiyada çıxış edib. Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün təhsildə inkişaf hədəflərini müəyyən etmək, tədris sistemində 2030-cu ilədək davamlı inkişafı təmin etmək baxımından model il olubdur. Təhsil sistemində daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum və təkmilləşdirilmiş tədris metodologiyalarının mübadiləsini nümunə göstərmək olar.

Nazir Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan bəhs edərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamını misal göstərib. Qeyd edilib ki, müəllim peşəsinin nüfuzunun artırılması sözügedən strategiyanın əsas hədəflərindəndir.  Ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən  təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi  bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir.

M.Cabbarov diqqətə çatdırıb ki, təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır. Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.

Daha sonra sessiya çərçivəsində nazir Forum iştirakçılarının suallarını cavablandırıb.

Yanvarın 19-da təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallıqda təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb. Nazir Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verərək tələbələrin təhsili ilə maraqlanıb və onlara uğurlar arzulayıb.

Səfər çərçivəsində təhsil naziri həmçinin bir sıra işgüzar görüşlər keçirib. 2015-ci ildə beynəlxalq QS reytinqində təhsil məktəbləri arasında 1-ci yeri tutmuş London Universitet Kollecinin (UCL) Təhsil İnstitutunun direktoru Endryu Broun ilə görüşdə ölkəmizdə müəllim hazırlığı  və onun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

"Microsoft" Şirkətinin təhsil üzrə vitse-prezidenti Entoni Salçito ilə görüşdə isə təhsildə informasiya və kompüter texnologiyalarının tətbiq olunması ilə bağlı yeni trendlər, gələcək planlar və ölkəmizdə bu sahədə layihələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla görüşüb.

Görüş zamanı Mikayıl Cabbarov  rusiyalı həmkarının ötən ilin  19-21 noyabr tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini bildirib. Görüşdə təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliklərinin qiymətləndirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də digər maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

 


Açar sözlər: ,