14.12.2015

Azərbaycan Tələbə Könüllülərinin I Forumu

Dekabrın 14-də Azərbaycan Tələbə Könüllülərinin I Forumu keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan Könüllüləri: Dünən, Bu gün və Sabah” videoçarxı təqdim olunub.

Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq təşkilatların nümayəndələri, QHT rəhbərləri, tələbə könüllülər və KİV təmsilçiləri iştirak ediblər.

Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov bu tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib.

Təhsil naziri ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən irəli gələn vəzifələrin ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Ölkə Prezidentinin Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan nazir dövlət başçısının könüllülərlə görüşü zamanı bu məsələlərə ətraflı yer verdiyini bildirib. Cənab Prezidentimizin qeyd etdiyi kimi, “könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər... Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir”.

“Bakı 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində tələbə könüllünün özünəməxsus roluna toxunan təhsil naziri bununla bağlı Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərinin də tələbə könüllülərə yeni ruh verdiyini nəzərə çatdırıb.

Nazir qeyd edib ki, ali təhsil sahəsində aparılan islahatlar, tələbələr üçün yaradılan əlverişli mühit təhsilalanlara yeni imkanlar verir. Yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühiti daha da genişlənəcək.

Yeni çağırışlara adekvat reaksiya verilməsinin zəruri olduğunu bildirən təhsil naziri tələbələrin gücündən, biliyindən daha səmərəli istifadə etmək və strateji məqsədlərin uğurla yerinə yetirilməsi məqsədilə “BİR” Tələbə-Könüllü Proqramının yaradılmasını yüksək dəyərləndirib.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tələbə könüllülərə tövsiyələrini bildirib, forumun işinə uğurlar arzulayıb. Könüllülərin təhsil aldıqları ali məktəblərin və ölkəmizin ictimai, mədəni həyatında yaxından iştirak etməklə digər gənclərə də örnək olduğunu söyləyən şöbə müdiri yeni çağırışlara hazır olmaq üçün əzmlə çalışmağın vacib olduğunu qeyd edib.

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, BMT-in rezident əlaqələndiricisinin müavini  Nato Alkazaşvili və tələbə könüllülər forumun əhəmiyyətindən söhbət açıb, könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini bildiriblər.

Çıxışlardan sonra “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı olub. Təqdimat zamanı iştirakçılara proqramın məqsədi, istiqamətləri və imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunacaq, onlara “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et və Zövq Al) özündə birləşdirən layihə təqdim ediləcək. Proqrama qoşulmaq üçün gənclər www.facebook.com/birkonullu vasitəsilə müraciət edə bilərlər.

Tədbir tələbələr tərəfindən Azərbaycanın məşhur “Tələbə” retro mahnısının ifası ilə başa çatıb.