• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Ən yaxşı müəllim" müsabiqəsinin III mərhələsində iştirak edən müəllimlərin təəssüratları

2015-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün Təşkilat Komitəsinə 600 müəllim müraciət edib.

Müsabiqənin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib və 143 müəllim növbəti mərhələyə buraxılıb. İkinci mərhələyə vəsiqə qazanmış müəllimlər Bakı şəhərindəki  50 məktəbdə sınaq-nümunə dərsləri keçib. Müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib. Üçüncü mərhələdə isə müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış ediblər. Bu mərhələdə də qiymətləndirmə 10 ballıq sistemlə aparılıb.

“Ən yaxşı müəllim” müsabiqəsinin üçüncü mərhələsini başa vuran müəllimlər öz təəssüratlarını bölüşüblər.

 

 

Ellada Mirzəyeva

Sabirabad rayon 5 nömrəli Nizami Gəncəvi adına tam orta məktəbin ingilis dili müəllimi

             15 ildir ki, ingilis dili fənnini tədris edirəm. “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram. Bu müsabiqə müəllimin öz bacarıqlarını nümayiş etdirməsi üçün böyük bir  şansdır. İnanıram ki, müsabiqədə iştirakımız, mütəxəssislər tərəfindən aldığımız rəy gələcək fəaliyyətimizə də öz müsbət təsirini göstərəcək. Həmkarlarımızın müsabiqədə yer tutması bizdə inam, uğur qazanmaq arzusunu formalaşdırır. Bu müsabiqə biz müəllimləri daha keyfiyyətli  işləməyə sövq edir.

“Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi müəllimlərin əməyinə verilən qiymətin bariz nümunəsidir. Bu müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm.


Bikə Allahverdiyeva

Saatlı rayon Gomuşçu kənd  tam  orta məktəbin Azərbaycan dili və  ədəbiyyatı müəllimi

              13 ildir ki, müəllim işləyirəm. Dövlətimizin müəllimlərə, təhsil işilərinə olan qayğısı biz müəllimlərin məsuliyyətini daha da artırır. “Ən yaxşı müəllim” müsabiqəsi bizə bilik və bacarıqlarımızı nümayiş etdirməyə imkan yaradır. Bu müsabiqədə iştirakımı pedaqoji fəaliyyətimin uğuru hesab edirəm. Mən öz bacarıqlarımı sınamaqla yanaşı, iştirakçı müəllimlərlə təcrübə mübadiləsi etmək imkanı qazandım. Ötən il bu müsabiqəyə qatılsam da, yer tuta bilmədim. Ancaq özümə olan inamım məni bu müsabiqəyə yenidən qoşulmağa vadar etdi. Ümid edirəm ki, istədiyim nəticəyə çatacağam.


Dilşad Kərimova

Ucar şəhər 2 nömrəli  tam orta məktəbin kimya müəllimi

            “Ən yaxşı müəllim” müsabiqəsində ilk dəfədir ki, iştirak edirəm. Doğrusu, əvvəllər də qatılmaq istəyirdim. Ancaq başa düşdüm ki, şagirdlərin yalnız təlim-tərbiyəsi ilə məşğul olmaq  bu müsabiqədə  iştirak etmək üçün yetərli deyil. Buna görə də bilik və bacarıqları daha da təkmilləşdirməyin, təhsil sahəsindəki yeniliklərin tədris prosesində tətbiqinin vacibliyini dərk etdim.

Ucar rayonundan “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn müəllimlər çoxdur. Bu isə bölgələrdə rəqabətəqabil, peşəkar müəllimlərin yetişməsi deməkdir.

Bu müsabiqənin təşkilinə görə  hər  kəsə təşəkkür edirəm.


Şirin Məmmədova

 Bakı şəhəri 318 nömrəli  tam orta məktəbin kimya-biologiya müəllimi

              “Ən yaxşı müəllim” müsabiqəsinə kimya fənni üzrə qatılmışam. İlk dəfədir ki, bu müsabiqədə iştirak edirəm. Bundan əvvəlki illərdə bir çox nailiyyətlər qazanmışam.  “Elektron təhsil” müsabiqəsinin qalibiyəm. 7-ci siniflər üçün kimya vəsaitinin müəllifiyəm. Yaratdığım “Azəri ekoloqlar” komandası Bakı üzrə birinci, respublika üzrə qalib yerlərdən birini tutub.

Müsabiqə müddətində özümü sanki “döyüş zonasında” hiss edirdim. Yuxusuz gecələrim, həyəcanlı anlarım çox oldu. Ancaq hədəfim bəlli idi. “Uduzmaq olmaz” deyirdim. Bu müsabiqə özümə qarşı daha çox tələbkar olmağı öyrətdi. Həm də bu, yaradıcı müəllim üçün öz üzərində işləmək imkanı verir, dövlət və şagird qarşısında məsuliyyətini artırır. Şəxsən mən qısa zaman ərzində 3 dərs resursu hazırladım, elektron lövhələrlə işləmək imkanı qazandım.

Müsabiqədə iştirak edən bütün həmkarlarıma uğurlar arzu edirəm .


Gülnarə Abdullayeva

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

              26 ildir ki, eyni məktəbdə ingilis dili fənnini  tədris edirəm. Belə bir kəlamı xatırlatmaq istəyirəm: “Hər bir elmin nüvəsində mənəviyyat, ağıl, idrak, ünsiyyət dayanır”. Ən böyük ünsiyyət vasitəsi dildir. Bu gün xarici dil, xüsusilə də ingilis dili müasirliyin tələbidir. Özümü çox xoşbəxt sayıram ki, bu peşənin sahibiyəm.

            İkinci dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsinə qatılıram. İlk dəfə bu müsabiqəyə 2009-cu ildə qatıldım və qalib gəldim. Bir müəllim kimi əməyim dəfələrlə qiymətləndirilib, uğurlarım çox olub. Ən böyük uğurum 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyimdir. Mənə elə gəlir ki, müəllim üçün bundan yüksək ad ola bilməz. Mən dövlətimə, dövlət başçısına təhsilə göstərdiyi qayğıya, müəllim adına verilən yüksək qiymətə görə minnətdarlığımı bildirirəm.


 Mərdan İsmayılov

  Bakı şəhəri 313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

               “Ən yaxşı müəllim” müsabiqəsinə ikinci dəfədir ki, qatılıram. 2009-cu ildə də bu müsabiqənin qalibi olmuşam. Bu il biliyimi yoxlamaq üçün yenidən müsabiqəyə qatıldım. Nəticələrin yaxşı olacağını düşünürəm, cünkü ballarım yüksəkdir. Mən bir riyaziyyatçı kimi şagirdlərdə riyazi düşünmək qabiliyyətini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Şagirdlərə riyaziyyatı öyrətməklə yanaşı, onların sərbəst düşünmələrinə çalışıram. Bu gün müəllimlərin qarşısında duran ən vacib məsələ düşünməyi bacaran insanlar yetişdirməkdir.

 “Ən yaxşı müəllim” müsabiqəsi həm müəllim əməyinə verilən yüksək qiymət, həm də müəllimlərdə böyük ruh yüksəkliyi yaratmaq baxımdan böyük əhəmiyyətə malikdir.


Xəyalə Quliyeva

Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

10 illik pedaqoji fəaliyyətim dövründə  bir çox respublika əhəmiyyətli müsabiqələrdə iştirak etmişəm və həmin müsabiqələrdə qalib gəlmişəm.

Bu müsabiqəni neçə ildir ki, izləyirdim. Nəhayət, özümü tam hazır hiss etdikdən sonra müsabiqəyə qatılmaq qərarına gəldim. Artıq üç mərhələni arxada qoymuşam. Keçilən yola baxanda bir müəllim kimi  sevinməyə bilmirəm. “Ən yaxşı müəllim” adı uğrunda müsabiqəyə qatılmaq qürurverici hissdir. Müsabiqə tam şəffaf,  obyektiv və təşkilati baxımdan çox yüksək səviyyədə təşkil edilib. Nəticələrdən asılı olmayaraq, biz unutmamalıyıq ki, şərəfli bir peşənin icraçılarıyıq.

Hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar arzulayıram. Qalib olacaq hər bir kəsi öncədən təbrik edirəm.


8 il əvvəl