10.12.2015

Akademik orta məktəbdə dərs deyib

Dekabrın 10-da  Bakı şəhərindəki Texniki Humanitar Liseydə Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov ilk nümunəvi dərs tədris edib.

Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir. Azərbaycan  Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edəcək.

Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4 müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib.

Akademik  A.Əzizov Texniki Humanitar Liseyin kimya laboratoriyasında 9-cu sinif şagirdlərinə kimya fənni üzrə nümunəvi dərs tədris edib, şagirdləri maraqlandıran sualları cavablandırıb.                        

Məktəblilərin elmə marağının artırılmasının önəminə diqqət çəkən akademik A.Əzizov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Akademik ölkəmizdə  təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün xüsusi addımlar atıldığını deyib və  bu baxımdan “Elmdən Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətini vurğulayıb. A.Əzizov ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayıb. Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən A.Əzizov son illər ölkəmizdə neft-kimya sənayesinin sürətlə inkişaf etdyini, yeni və müasir istehsal sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını bildirib.

Dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində “Nobel həftəsi” çərçivəsində dəyərli elmi tədqiqatlara, ixtiralara, mədəniyyət və cəmiyyətin inkişafındakı xidmətlərinə görə verilən “Nobel” mükafatının sahiblərinə təqdim ediləcəyini deyən akademik bu mükafata layiq görülən kimyaçı alimlər haqqında da şagirdlərə məlumat verib.

Nümunəvi dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və KİV nümayəndələri iştirak edib.