01.12.2015

Şəkidə məktəb açılışı

Dekabrın 1-də Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.   

Tədbirdə Təhsil Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyəti iştirak edib.

Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayon mərkəzindən 90 kilometr uzaqda yerləşən bu təhsil ocağının  indiyədək köhnə tikilidə yerləşdiyini bildirib. Qeyd edilib ki, Qaratorpaq kənd tam orta məktəbi təhsil göstəricilərinin yüksək olması ilə fərqlənib. Bu il məzun olan 9 nəfərdən 6-sı ali təhsil müəssisələrinə qəbul üçün ərizə verib və  tələbə adını qazanıb. Onlardan ikisinin qəbul balı 600-dən yüksək olub. Yeni məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris aparır. Məktəbdə 97 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Şöbə müdiri bildirib ki, məktəblər vahid standart əsasında müasir təhsil sisteminə uyğun inşa olunur. İlin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 132 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbi 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı, 80 yerlik akt zalı, idman zalı, hərbi hazırlıq otağı, 2 əmək təlimi otağı, kitabxana və tibb məntəqəsinə malikdir.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet avadanlıqları quraşdırılıb. Müasir tələblərə cavab verən qazanxana maye yanacaqla işləyir. Məktəbin ərazisində inşa olunan futbol meydançası, müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafını möhkəmləndirməyə xidmət edir.