• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"İnsan öz hədəflərinə yalnız zəhmətlə çata bilər“ - "Uğur formulu”

Təhsil Nazirliyi və Lent.az İnformasiya Agentliyinin birgə həyata keçirdiyi “Uğur formulu” layihəsi davam edir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Almaniyanın Köln Ali Musiqi Məktəbinin tələbəsi Toğrul Hüseynlidir.

Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü T.Hüseynli Almaniyanın Köln Ali Musiqi Məktəbində solo-fortepiano ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir.Lent.az T.Hüseynli ilə söhbəti təqdim edir.  

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? 

- Mən artıq 4 ildir ki, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Almaniyanın Köln Ali Musiqi Məktəbində təhsil alıram. Ötən semestrdə bakalavriat səviyyəsini əla qiymətlərlə bitirərək, magistratura səviyyəsinə qəbul oldum.

Almaniyada yaşadığım bu illər ərzində həm bir musiqiçi, həm də bir şəxsiyyət kimi həyatımda ciddi inkişaf hiss etməkdəyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq səviyyəli musiqi yarışlarında qazandığım mükafatlar, Avropanın bir sıra ölkələrində (İspaniya, Almaniya, Hollandiya, Latviya və s.) və həmçinin də ölkəmizdə solo və simfonik orkestrlərlə çıxış etdiyim konsert proqramları buna misal ola bilər. Belə demək mümkünsə, Almaniyaya gəlməmişdən öncəki ümidlərimdən daha artığı doğrulub. 

- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz? 

- Mənim seçdiyim ixtisas daha çox fərdi şəkildə musiqi məşqləri tələb edir. Məsələn, mən hər gün 5-6 saat olmaqla, fortepianoda məşqlər edirəm. Bundan əlavə, təbii ki, musiqiçi öz ixtisasını tam şəkildə mənimsəmək üçün musiqi nəzəriyyəsini və musiqi tarixini də gözəl bilməlidir. Bütün bu fənləri bakalavriat səviyyəsində təhsil aldığım zaman müxtəlif kitablardan və məqalələrdən istifadə edərək dərindən öyrənmişəm.

Ancaq kitaba bağlılıq ixtisasından asılı olmayaraq, hər kəs üçün vacibdir. Bu baxımdan mütaliəni həyatımın əvəzolunmaz bir hissəsi kimi qəbul edirəm. Düşünürəm ki, dünya klassiklərinin mütaliəsi bir şəxsiyyət kimi formalaşmaq üçün mütləqdir. 

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? 

- Mən Almaniyaya gəlməmişdən öncə bir il Bakı Musiqi Akademiyasında təhsil almışam. Deməliyəm ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyli Bakı Musiqi Akademiyasının (o zamankı Konservatoriya) SSRİ məkanında layiqli yerlərdən birini tutması üçün əlindən gələni etmişdi. Məhz buna görə də Bakı Musiqi Akademiyası SSRİ-də musiqi təhsili üzrə ən yüksək səviyyəli tədris ocaqlarından biri idi. Təbii ki, hazırda da bir çox musiqiçilərimiz o irsi qoruyub saxlamağa çalışırlar. Lakin bir sıra dəyərli musiqiçilərimizin Bakı Musiqi Akademiyasında artıq fəalliyyət göstərməməsi təəssüflər olsun ki, təhsilin səviyyəsinə təsir edir. Bu problemin tez bir zamanda həll edilməsi üçün çox istərdim ki, Azərbaycana xarici ölkələrdən peşəkar musiqiçilər dəvət edilsin və gənc musiqiçilərə onlarla çalışmaq imkanı yaradılsın. 

- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız? 

- Mən təhsil illəri ərzində dəfələrlə Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqə yaratmışam. 2013-cü ildə Berlindəki Azərbaycan səfirliyində 20 Yanvar hadisələrinə həsr edilmiş solo konsertim təşkil edilib. Bundan əlavə, Almaniyada mövcud olan Azərbaycan tələbə təşkilatları ilə əməkdaşlığım nəticəsində Azərbaycanın tarixini, mədəni irsini əks etdirən müxtəlif materialları da konsert proqramlarıma gələn qonaqlara paylamışam. 

- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? 

- Demək istərdim ki, gənc olmaqlarından istifadə edərək, öz üzərlərində mümkün qədər çox çalışsınlar. Çünki bu dünyada insan öz hədəflərinə yalnız zəhmət və şəxsi bacarıqları ilə çata bilər. 

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? 

- Çox yüksək səviyyədədir. Ümumiyyətlə, Almaniyada və Avropanın bir sıra inkişaf etmiş ölkələrində şəxsiyyətə hörmət və qarşılıqlı xoş münasibət insan həyatında vacib rol oynayır. Buna görə də müəllim-tələbə münasibətləri də qarşılıqlı hörmət zəminində qurulur. 

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? 

- Bu məsələdə yaşadığım Köln şəhərində yüksək tolerantlıq hökm sürür. Belə ki, burada oxuyan tələbələr əsasən, öz təhsilləri ilə məşğul olurlar. Odur ki, yarana biləcək hər hansı şəxsi problemlərdən uzağıq. 

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? 

- Sırf bir musiqiçi kimi deyə bilərəm ki, bizim sahəmizdə yüksək ixtisaslı kadrlara ehtiyac böyükdür. İnanıram ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı yolu ilə təhsil alan azərbaycanlı gənclər gələcək illərdə ölkəmizin təhsil sahəsini daha da inkişaf etdirərək, çox yüksək bir səviyyəyə qaldıra biləcəklər. 

- Çətinlikləriniz varmı? 

- İnsan həyatının özü həm çətin, həm də maraqlıdır. Asan olsaydı, mənə görə bu həyatın mənası olmazdı. Çox şükürlər olsun ki, Dövlət Proqramının köməyi nəticəsində maliyyə çətinlikləri ilə üzləşmirik. Bu, gənc tələbə üçün əvəzolunmaz bir üstünlükdür. Sadəcə işimdə böyük uğurlar qazanmaq çox çətin və kəşməkəşli yollardan keçir. Ona görə də daim möhkəm iradə və böyük istəklə qarşıma çıxan bütün çətinlikləri arxada qoymağa çalışıram və ümidvaram ki, uca Tanrının köməyi ilə belə də davam edəcək. 

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz? 

- Asudə vaxtlarımda mütaliə edirəm, həmçinin klassik filmlər izləyirəm. Təbii ki, vaxtım məhdud olmayanda idmanla da məşğul olmağı unutmuram.

 

Lent.az


8 il əvvəl