17.11.2015

Kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması mövzusunda seminar-müşavirə

Noyabrın 17-də Şəki şəhərində “Yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda növbəti seminar-müşavirə keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə Prezident Administrasiyasının və nazirliyin rəsmiləri, həmçinin Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və Ağdaş rayon təhsil müəssisələrinin rəhbərləri, kargüzarlıq-dəftərxana işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə dövlət başçısının iştirakı ilə noyabrın 4-də istifadəyə verilmiş Qoxmuq kənd tam orta məktəbi ilə tanış olublar. Prezident Administrasiyası və Təhsil Nazirliyi tərəfindən məktəbin kitabxanasına kitablar hədiyyə edilib.

Müşavirədə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili barədə danışıb.  

Tədbirdə təhsili idarəetmə qurumlarında vətəndaşların qəbulunun daha da təkmilləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidə sisteminin yaradılması ilə bağlı görülən işlər barədə məlumat verilib. Eyni zamanda Təhsil Nazirliyinin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, dövlət başçısının bu günlərdə imzaladığı fərmanla tətbiq olunan “Vətəndaşların müraciətləri haqqında” qanun normativ hüquqi bazanın daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edəcək.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,