• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fransa universitetində kafedra açılışı

Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub.

Mərasimdə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə olan dostluq münasibətlərindən, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədəki universitetlərlə mövcud əlaqələrindən danışıb.

Yuxarı Elzas Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı Qreta Komur isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan ədəbiyyat və mədəniyyət kafedrasının onun rəhbərlik etdiyi fakültədə açılması ilə qürur duyduğunu deyib. Qreta Komur Nizami Gəncəvinin əsərlərinin Şərq və Avropa mədəniyyətinə təsirini, eləcə də Avropa və Azərbaycan mədəniyyəti arasında qarşılıqlı təsirləri tədqiq etməyin kafedranın əsas məqsədi olduğunu bildirib. O, hər iki ölkə arasında ədəbiyyat sahəsində olan əlaqələrə də toxunub.

Tədbirdə çıxış edən Fransa Senatının üzvü, Müluz Elzas aqlomerasiyasının prezidenti Jan-Mari Bokel Azərbaycanın dostu olduğunu vurğulayaraq tarixi ərazilərimizin qonşu ölkə tərəfindən işğalının qəbuledilməz olduğunu bildirib.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dünya ədəbiyyatına, mədəniyyətinə, təhsilinə və elminə əvəzsiz töhfələr vermiş Nizami Gəncəvinin adını daşıyan kafedranın açılış mərasimində iştirak etməkdən məmnunluğunu bildirib. O, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler –Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.

Azərbaycan-Fransa münasibətlərinin dərin tarixi köklərinə toxunan nazir bu gün xalqlarımız arasında tarix boyu formalaşmış dostluq münasibətlərinin hər iki ölkənin rəhbərləri səviyyəsində dəstəklənməsi və daha da inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini vurğulayıb.

Nazir XXI əsrdə ölkələr və millətlər arasında qarşılıqlı anlayışa və hörmətə əsaslanan münasibətlərin qurulmasında təhsilin müstəsna rol oynadığını qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Hər bir ölkənin, hər bir xalqın gələcəyinin, inkişafının və uğurlarının məhz insan amilindən, onun savadlı, bilikli gənclərindən asılı olduğunu bildirib.

Nazir dövlətimizin başçısının irəli sürdüyü “qara qızılı insan kapitalına çevirmək” prinsipinin və bu çərçivədə Azərbaycanın savadlı və bacarıqlı gənclərinin xarici ölkələrin aparıcı universitetlərində təhsili üçün dövlət təqaüdlərinin ayrılması təşəbbüsünün ölkəmizdə təhsilə verilən əhəmiyyəti əks etdirdiyini vurğulayıb.

Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət verilən məqamlardan birinin də xarici ölkələrlə müsbət təcrübələrin paylaşılması və qarşılıqlı faydalılıq əsasında birgə təşəbbüslərin həyata keçirilməsi olduğunu deyən nazir Azərbaycanın Fransa ilə bu istiqamətdə tərəfdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Bakıda Fransız Liseyinin artıq fəaliyyət göstərdiyini qeyd edən M. Cabbarov bildirib ki, hər iki ölkənin dövlət başçılarının təşəbbüsü ilə Fransız-Azərbaycan Universiteti layihəsi üzərində hazırlıq işləri aparılır və növbəti tədris ilindən etibarən bu layihənin də uğurla fəaliyyətə başlayacağına ümid edir.

Nazir M.Cabbarov yeni açılan kafedranın fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və mədəni irsimizi araşdırmağa imkan yaradacağına əmin olduğunu bildirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Müluz


8 il əvvəl