05.10.2015

Oktyabrın 5-də Təhsil Nazirliyində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş mətbuat konfransı keçirilib.

Konfransda 2015-2016-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə ərizə verən 24437 nəfərdən 18574-ü imtahanda iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 2441 nəfər Azərbaycan bölməsi, 177 nəfər rus bölməsi üzrə, ümumilikdə 2618 nəfər işə qəbul olunub. İşə qəbul olunanlardan 1887 nəfəri həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu kənd məktəblərini seçənlərdir. Əlavə olaraq, müsabiqənin nəticələrinə əsasən, 434 nəfərin müddətli müqavilə ilə işə qəbuluna razılıq verilib.

Tədbirdə Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanması, eləcə də müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində həyata keçirilən islahatyönümlü tədbirlərdən söz açılıb. Bildirilib ki, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib. Bununla da “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb.

Bu il qəbul imtahanında 8656 nəfər müəllimlik peşəsini seçib. Onlardan 1269 nəfəri 500 və 500-dən artıq bal toplayıb. Bu isə ötən illə müqayisədə 5 faiz çoxdur.  Eyni zamanda, 2015-2016-cı tədris ilində müəllimlik ixtisasını seçənlərin orta keçid balı artaraq 364 olub.

Mətbuat konfransında bu ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçiriləcəyi və qiymətləndirmədə 35000-dən çox müəlimin iştirak edəcəyi barədə məlumat verilib.

Konfransın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.