21.09.2015

Sentyabrın 21-də Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsinə start verib.

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunur.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqə “Dr. Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi, “Edumediya Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə keçirildiyi 6 il ərzində ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.