10.08.2015

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və ENPI East FLEG II Proqramının birgə təşəbbüsü ilə Qax rayonunun İlisu istirahət mərkəzində “Meşələri qoruyaq!” devizi altında ilk dəfə olaraq beynəlxalq gənc meşəçilərin yay düşərgəsi keçirilib.

Düşərgənin təşkilində məqsəd “ENPI East FLEG” II Proqramının iştirakçısı olan Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın gənc meşəçiləri arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, meşə ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində təcrübə mübadiləsinin aparılması və gənclərin birgə səylərinin artırılmasından ibarət olub.
Müxtəlif ölkələrdən olan gənc  meşəçilər meşə ehtiyatlarının qorunması və artırılması sahəsində beynəlxalq təcrübəni əks etdirən təqdimatlarla çıxış ediblər. Bu sahədə əməkdaşlıq əlaqələrinin inkişafı və birgə təşəbbüslərə dair təkliflər müzakirə olunub. Qax Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə gənc meşəçilər üçün Zaqatala Rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinə, İlisu Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil edilib, məktəblilər Qax rayonunun qədim tarixi-mədəni abidələri ilə tanış olublar. Regionun zəngin təbiəti və meşələrin bioloji müxtəlifliyi haqqında məlumat alan gənc meşəçilər Qum və İlisu kəndlərinin ətrafında ekoloji və geobotaniki tədqiqat üsulları vasitəsilə meşə ekosisteminin vəziyyətini qiymətləndiriblər. 
Beynəlxalq düşərgənin iştirakçıları “Meşənin nemətləri və ənənəvi qidalanma” adlı ekoloji tədbirdə təmsil etdikləri ölkələrin meşə məhsullarından hazırlanmış qida məhsullarını təqdim ediblər. Milli geyimlərdə olan məktəblilər həmyaşıdlarını öz ölkələrinin musiqi mədəniyyəti haqqında danışıblar. Alim və mütəxəssislərlə maraqlı  görüşlər, şən müsabiqələr və ekoloji oyunlar yay istirahətinin mənalı keçməsinə şərait yaradıb. 
Beynəlxalq düşərgənin yekun tədbirində bütün iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim olunub.