10.08.2015

Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO mərkəzi ilə birgə YUNESKO-nun 70 illik yubileyi münasibətilə “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi təşkil edir.

21 sentyabr -Beynəlxalq Sülh Gününə həsr olunmuş müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin diqqətini Sülh Gününə cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. 
Ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçiriləcək müsabiqə üç yaş qrupu üzrə təşkil olunacaq. 
Müsabiqə əvvəlcə məktəbdaxili və rayon (şəhər) məktəbləri arasında keçiriləcək. Həmin mərhələdə I yerin qalibi olan işlər Respublika mərhələsinə təqdim olunacaq. Respublika mərhələsində hər yaş qrupu üzrə 9 qalib iş seçiləcək.
Yekunda qaliblərin, eyni zamanda seçilmiş ən yaxşı işlərin kataloqu nəşr olunacaq. Noyabrda isə qaliblərinin işlərindən ibarət yekun sərgi və mükafatlandırma mərasimi keçiriləcək.

Açar sözlər: ,  ,