İyulun 21-də Bakıda Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi keçirilib.
47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkilat komitəsinin sədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva, Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov və Beynəlxalq Kimya Olimpiadasının Beynəlxalq Rəhbər Komitəsinin sədri Dukhvan Li açılış mərasimində çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.
İlk Beynəlxalq Kimya Olimpiadası 1968-ci ildə Praqada keçirilib və hər iki ildən bir dünyanın fərqli ölkələrində təşkil olunur. Mövcud qaydalara əsasən, hər bir ölkə müsabiqədə 4 məktəbli ilə təmsil olunur. Beynəlxalq Kimya Olimpiadası nəzəri və praktiki olmaqla 2 hissədən ibarətdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşəbbüsü əsasında Beynəlxalq Rəhbər Komitəsinin 2012-ci ildə baş tutmuş iclasında 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakıda keçirilməsi barədə qərar qəbul olunub. Təhsil Nazirliyinin 739 nömrəli 20.06.2014-cü il tarixli əmri ilə 47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkilat komitəsinə sədrlik filialın rektoru professor Nərgiz Paşayevaya həvalə olunub və olimpiadanın təşkili üzrə baza təhsil müəssisəsi kimi filial müəyyən edilib. Moskva Dövlət Universitetinin Bakı filialının maddi-texniki bazasında təşkil olunacaq olimpiadanın yüksək səviyyədə keçirilməsi istiqamətində ciddi hazırlıq tədbirləri görülüb və beynəlxalq standartlara uyğun şərait yaradılıb.
Dünyanın 80-ə qədər ölkəsindən 300-dən çox məktəblinin qatılacağı bu elm müsabiqəsində ölkəmizi 4 məktəbli təmsil edəcək. Olimpiada çərçivəsində gənclərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olması məqsədilə Bakıda və bölgələrdə mədəni proqramlar təşkil olunacaq.
Ümumiyyətlə, olimpiadaların şagirdlər arasında elmə marağının artırılması və beynəlxalq rəqabət mühitinin yaradılmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, son illər ərzində Təhsil Nazirliyi tərəfindən olimpiadalara xüsusi diqqət ayrılıb. Beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin seçimi aparılıb və ilk dəfə olaraq, olimpiadalardan öncə bütün fənlər üzrə Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə xüsusi yay düşərgələri təşkil edilib, şagirdlərin hazırlığı üçün xarici ölkələrdən nüfuzlu mütəxəssislər cəlb edilib.
Nəticədə, öncəki illərlə müqayisədə məktəblilərimiz nailiyyətlərində əsaslı fərq müşahidə olunur. Belə ki, Azərbaycan məktəbliləri 3-16 iyul tarixlərində Tailandın Çanq Mai şəhərində təşkil olunmuş Beynəlxalq Riyaziyyat Olimpiadasında 2 bürünc medal, 5-12 iyul tarixlərində Hindistanın Mumbay şəhərində təşkil edilmiş Beynəlxalq Fizika Olimpiadasında 1 bürünc medal, 12-19 iyul tarixlərində Danimarkanın Orhus şəhərində təşkil olunmuş Beynəlxalq Biologiya Olimpiadasında 1 bürünc medal qazanıblar.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30