Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə

Təhsil Nazirliyinin Dünya Bankı ilə əməkdaşlığı 1999-cu ildən başlayaraq davam edir. İndiyədək bir neçə birgə layihə artıq həyata keçirilmişdir. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə 2009-cu ildən başlayaraq həyata keçirilir. Layihənin ümumi büdcəsi 45.4 milyon dollar təşkil edir. Bu məbləğin 25 milyonu Beynəlxalq İnkişaf Assosiasiyasının (Dünya Bankı) güzəştli krediti, 20.4 milyonu Azərbaycan Hökumətinin payıdır. Layihənin məqsədi kurikulum islahatları və müəllimlərin ixtisasartırma təlimləri vasitəsilə ümumtəhsil məktəblərində təlim və tədris şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Layihə 3 təhsil pilləsini əhatə etməklə 6 komponentdən ibarət tərtib edilmişdir. Əvvəlki layihələrdə olduğu kimi, bu Layihənin icrasına məsuliyyəti Təhsil Nazirliyinin şöbələri və məsul şəxsləri  daşıyır. Layihənin 31 mart 2016-cı il tarixinədək həyata keçirilməsi nəzərdə tutulmuşdur.