Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)

AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİNATI
PROQRAMININ (2005-2007-Cİ İLLƏR) TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunmasını təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, Proqramın baş icraçısı və nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Təhsil Nazirliyidir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “21“ avqust 2004-cü il

 
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı
(2005-2007-ci illər)
 
1. Giriş
 
XX əsrin son onilliyindən başlayaraq informasiya və kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə etməklə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi problemlərin həllinin, yoxsulluğun azaldılmasının əsas göstəricilərindən hesab olunur. Qeyd etmək lazımdır ki, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti əsas etibarilə onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsindən asılı olacaqdır.
Son illər Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, 1999-cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda gənc nəslin informasiya və kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Ötən dövr ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi digər əlaqədar təşkilatlarla birlikdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində müxtəlif layihələr və tədbirlər hazırlayıb həyata keçirmişdir. Bunlar əsasən aşağıdakılardır:
- bütün təhsil pillələri üçün eksperimental proqramların hazırlanıb təsdiq edilməsi;
- öyrədici multimedia sistemlərinin hazırlanmasına başlanılması;
- İnternetə qoşulan məktəblər şəbəkəsinin genişlənməsi;
- təhsilin idarə edilməsinin məlumat sisteminin, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi üzrə hazırlıq işlərinin gücləndirilməsi.
Son illər təhsil sisteminin informasiyalaşdırılması istiqamətində görülən işlərə baxmayaraq, hələ də ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizi, ixtisaslı pedaqoji kadrlarla təminatı sahəsində öz həllini gözləyən ciddi problemlər mövcuddur.
Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
- hazırda ümumtəhsil məktəblərində olan 9 minə qədər kompüter avadanlığının böyük əksəriyyətinin fiziki və mənəvi cəhətdən köhnəlməsi, çox hissəsinin istifadə üçün yararsız vəziyyətə düşməsi;
- 1669644 şagird kontingenti olan 4521 ümumtəhsil məktəblərində cəmi 1570 müasir tipli kompüter texnikasının mövcud olması nəticəsində hər 1063 şagirdə 1 ədəd kompüterin düşməsi;
- məktəblərdə təlim xarakterli proqram təminatının zəif olması;
- ümumi təhsilin mövcud dövlət standartlarında “İnformatika və hesablama texnikasının əsasları” fənninin tədrisinin yalnız X və XI siniflərdə aparılması;
- məktəblərin İnternet şəbəkəsinə qoşulmasında vahid koordinasiya sisteminin olmaması;
- uzun illərdən bəri ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün maliyyə vəsaitinin çatmaması;
- ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrların hazırlanmasına lazımi diqqətin yetirilməməsi.
 
2. Proqramın ümumi xarakteristikası
 
2.1. Proqramın məqsədi
 
Proqramın əsas məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaqdır.
Təhsil sisteminin informasiyalaşdırılmasını təmin etmək məqsədilə aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- təhsil sisteminin vahid informasiya məkanının qurulması;
- kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsinin və onun bütün imkanlarından istifadə olunmasının təmin edilməsi;
- ölkənin təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi;
- elmi-metodiki işlərin səmərəliliyinin artırılması;
- beynəlxalq informasiya şəbəkələri vasitəsi ilə dünya ölkələrinin təhsil müəssisələri ilə səmərəli əlaqələrin yaradılması.
 
2.2. Proqramın əsas vəzifələri
 
Proqramda qarşıya qoyulmuş məqsədə çatmaq və vahid informasiya mühitindən səmərəli istifadənin təmin edilməsi üçün aşağıdakı vəzifələrin kompleks həlli zəruridir:
- ümumtəhsil məktəblərinin müasir tipli kompüter avadanlıqları ilə təchizatı;
- ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərin yeni informasiya və kommunikasiya texnologiyalarından öz fəaliyyət sahələrində istifadə etməsinin öyrədilməsi;
- təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə üzrə normativ və metodiki bazanın inkişafı;
- Tədris prosesində Azərbaycan dilində istifadə edilən müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması, yayılması və tətbiqi;
- Azərbaycan Respublikası təhsil sisteminin informasiya infrastrukturunun (elmi-metodik, elmi-tədqiqat, ixtisasartırmanın bütün səviyyələrdəki resurs və informasiya sistemləri daxil olmaqla) yaradılması;
- informasiya texnologiyaları əsasında müasir təhsilin metodologiyasının işlənib hazırlanması, informasiyalaşdırma prosesinin elmi-metodiki təminatı;
- şagirdlər üçün distant təhsil xidmətinin yaradılması;
- şagirdlər üçün təhsil portalının və saytlarının yaradılması;
- Azərbaycan dilində olan tədris və elmi-metodiki nəşrlərdə informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə terminologiyanın hazırlanması və elmi dövriyyəyə daxil edilməsi.
 
3. Gözlənilən nəticələr
 
Hazırda ölkənin ümumtəhsil məktəblərində ilkin peşə ixtisası “İnformatika müəllimi” olan 1600 müəllim fəaliyyət göstərir. Lakin indiki dövrün tələbləri baxımından bu gün məktəblərdə informatika müəllimlərinə olan real tələbat 10000 nəfərə yaxındır. Bundan əlavə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, müxtəlif fənn müəllimlərinin onlardan tədris prosesində istifadəsi kompüter siniflərinin bu prosesə hazırlığını tələb edir. Kompüter sinifində lazımi proqram təminatının yüklənməsi, dərs deyən müəllimlərə kömək etmək üçün kompüter siniflərində tədris köməkçi heyətin (laborant) olması vacibdir.
Kompüter siniflərinin köməkçi heyətlə, eləcə də informatika və hesablama texnikası fənninin kadr təminatı əsas problemlərdən biridir. Bu problemin həlli qarşıdakı 2005-2007-ci illərdə ölkədə on minə yaxın yeni iş yeri yaradacaqdır.
Müəllimlərin ixtisasartırma kursları Təhsil Nazirliyi tərəfindən Bakı, Naxçıvan, Lənkəran şəhərlərində və Azərbaycan Müəllimlər İnstitutunun filiallarında təşkil ediləcəkdir.
Layihənin həyata keçirilməsi nəticəsində:
- 4521 məktəb kompüter avadanlığı ilə təchiz olunacaq və İnternetə qoşulacaq;
- ölkədə ümumtəhsil məktəblərində hər 33 şagirdə 1 müasir kompüter düşəcək;
- təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə yeni səviyyəyə yüksələcək;
- ölkə üzrə 3 ilə 10000-ə yaxın yeni iş yeri açılacaq;
- tədris prosesinin dəyişkən təşkili mümkün olacaq (İnternet-məktəb, distant təhsil);
- şagird və müəllimlərin ümumi informasiya mədəniyyəti formalaşacaq;
- yeni informasiya təhsil mühiti yaradılacaq;
- informasiya cəmiyyətinə keçid reallaşdırılacaqdır.
 
 
4. Əsas maliyyələşdirmə mənbələri
 
Proqramın maliyyələşdirmə mənbələri aşağıdakılardır:
Azərbaycan Respublikasının dövlət büdcəsi;
- donor təşkilatların vəsaiti;
- qanunvericiliyə zidd olmayan digər mənbələr.
 
5. Proqramın icra planı
 
No

Tədbirlərin
adı

Tədbirlərin
məzmunu

İcra müddəti (illər üzrə) İcraçılar Maliyyə mənbələri
1.   Təhsil sahəsinin Resurs Mərkəzinin yaradılması 1.1. spesifikasiyaların təyini; 2005-2007  Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Maliyyə Nazirliyi 

 

Dövlət büdcəsi,
Donor təşkilatlar

 

1.2. kompüter texnikasının alınması;
1.3. İnternet şəbəkəsinə qoşulma;
1.4. informasiya və kommunikasiya texnologiyalarından tədris prosesində istifadə;
1.5. təhsilin məzmunca yeniləşdirilməsi
2. İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin elmi-pedaqoji təminatının hazırlanması 2.1. İnformasiya və kommunikasiya texnologiyaları üzrə yeni təhsil standartlarının hazırlanması; 2005-2007

 

Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi

 

Dövlət büdcəsi,
Donor təşkilatlar

2.2. müəllim və şagirdlərin informasiya və kommunikasiya texnologiyaları üzrə biliklərinə qoyulan tələblər və onların monitorinqi mexanizminin hazırlanması;
2.3. təhsil sahəsində informasiya və kommunikasiya texnologiyalarından istifadəyə dair (bütün səviyyələrdə) metodik göstərişlər sisteminin yaradılması
3. Yeni nəsil tədris materiallarının hazırlanması

3.1. yeni nəsil dərsliklərə qoyulan tələblərin işlənilməsi;

2005-2007 Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Maliyyə Nazirliyi Dövlət büdcəsi, Donor təşkilatlar

3.2. yeni nəsil elektron dərsliklərin hazırlanması, yayılması və tətbiqi mexanizminin hazırlanması

4. Ümumtəhsil sisteminin rəhbər və pedaqoji kadrlarının informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisasının artırılması 4.1. kadr hazırlığının məzmununun genişləndirilməsi; 2005-2007

 

Təhsil Nazirliyi, Maliyyə Nazirliyi

 

Dövlət
büdcəsi

4.2. hazırlığın mexanizminin yaradılması;

4.3. informasiya və kommunikasiya texnologiyaları üzrə modul təhsil komponentlərinin hazırlanması
5. Azərbaycanın təhsil portalının yaradılması

Aşağıdakıların hazırlanması nəzərdə tutulur:

5.1. məktəb proqramları;

2005-2007 Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Maliyyə Nazirliyi

 

Dövlət büdcəsi,
Donor təşkilatlar və qanunvericiliyə zidd olmayan digər maliyyə mənbələri

 

5.2. elmi-kütləvi materiallar;

5.3. elmi-metodiki materiallar;

5.4. dərslərin nümunəvi ssenariləri;

5.5. dərs materialları;

5.6. didaktik materiallar;

5.7. laboratoriya işlərinin, məşğələlərin, tapşırıqların, buraxılış imtahanlarının materialları;
5.8. olimpiada məsələləri;
5.9. elektron dərsliklər, lüğətlər, ensiklopediyalar və s.
6. Tədris prosesində İnternetdən istifadənin modelləri (İnternet-məktəb)

Aşağıdakıların yaradılması nəzərdə tutulur:

6.1. İnternet-məktəb;

2005-2007 Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Donor təşkilatlar və qanunvericiliyə zidd olmayan digər maliyyə mənbələri
6.2. əlavə təhsil, distant təhsil

6. Proqramın icrası ilə bağlı ümumtəhsil məktəblərinin zona bölgüsü
 
Proqramda nəzərdə tutulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün ölkədə mövcud olan ümumtəhsil məktəblərini aşağıdakı 12 zonaya bölmək məqsədəuyğun hesab edilmişdir:

I zona  Bakı şəhərindəki Əzizbəyov, Nərimanov, Qaradağ, Nəsimi, Nizami,  Xətai, Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Yasamal və Zəngilan, Şuşa rayonları Cəmi: 13
II zona  Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonları  Cəmi: 5
III zona  Quba, Qusar, Dəvəçi, Xaçmaz rayonları Cəmi: 4
IV zona  Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Ucar, Kürdəmir rayonları Cəmi: 6
V zona  Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax rayonları Cəmi: 6
VI zona  Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Göyçay, Tərtər rayonları Cəmi: 6
VII zona

 Gəncə şəhəri, Xanlar, Goranboy, Naftalan, Daşkəsən, Kəlbəcər, rayonları

Cəmi: 7
VIII zona

 Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Samux, Şəmkir rayonları

Cəmi: 6
IX zona

 Ağcabədi, Ağdam, Laçın, Xocavənd, Beyləqan, Füzuli, Zərdab, Cəbrayıl rayonları

Cəmi: 8
X zona

 Əli Bayramlı şəhəri, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, İmişli rayonları

Cəmi: 7
XI zona

 Cəlilabad, Masallı, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlı rayonları

Cəmi: 7
XII zona

 Naxçıvan şəhəri, Şərur, Ordubad, Şahbuz, Sədərək, Culfa, Babək, Kəngərli rayonları

Cəmi: 8
 
Buna uyğun olaraq zonaları əhatə edən ixtisasartırma təhsili müəssisələri aşağıdakı kimi müəyyən edilmişdir:

I zona  Azərbaycan Müəllimlər İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu;
II zona  Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı;
III zona  Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı;
IV zona  Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı;
V zona  Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı;
VI zona  Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı;
VII zona  Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı;
VIII zona  Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı;
IX zona  Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı;
X zona  Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı;
XI zona  Lənkəran Dövlət Universiteti;
XII zona  Naxçıvan Müəllimlər İnstitutu.