Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007-2010-cu illər)

“AZƏRBAYCAN RESPUBLİKASINDA MƏKTƏBƏQƏDƏR TƏHSİLİN YENİLƏŞDİRİLMƏSİ
PROQRAMI (2007- 2010- CU İLLƏR)”NİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin qabaqcıl beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədilə
 
QƏRARA ALIRAM:
 
1. “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007- 2010- cu illər)” təsdiq edilsin (əlavə olunur).          
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1- ci bəndi ilə təsdiq edilmiş Dövlət Proqramının əlaqələndirici orqanı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 aprel 2007- ci il
№ 2089

 
 
Azərbaycan Respublikası Prezidentinin
2007- ci il 12 aprel tarixli 2089 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
 
 
AZƏRBAYCAN RESPUBLİKASINDA MƏKTƏBƏQƏDƏR TƏHSİLİN YENİLƏŞDİRİLMƏSİ PROQRAMI
(2007 – 2010- cu illər)
 
1. Giriş
 
Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
Hazırda Azərbaycan Respublikasında 110017 uşağı əhatə edən 1764 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 545 uşaq bağçası, 1192 körpələr evi- uşaq bağçası, 38 körpələr evi, 4 məktəb- bağça fəaliyyət göstərir. 104533 uşağı əhatə edən 1696 müəssisə Təhsil Nazirliyi sistemində, ikisi isə bilavasitə Təhsil Nazirliyinin tabeliyindədir. Bunula yanaşı, ölkədə müxtəlif nazirlik, şirkət, idarə və təşkilatların tabeliyində olan təhsil müəssisələri, habelə müvafiq qaydada lisenziya almış 3 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 məktəbəqədər xüsusi təhsil müəssisəsi, ümumi təyinatlı 9 müəssisədə 18 xüsusi təyinatlı qrup və 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Keçən əsrin 90- cı illərinin əvvəllərində ölkəmizdə baş verən köklü ictimai- siyasi dəyişikliklər nəticəsində mövcud sosial- iqtisadi infrastrukturun dağılması məktəbəqədər təhsil sisteminin də səmərəliliyinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olmuşdur. Həmin dövrdə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşməsi, əhali arasında kütləvi işsizlik və büdcə gəlirlərinin kəskin azalması bu sahənin fəaliyyətinə mənfi təsir göstərmiş, onun tənəzzülə uğrama meyllərini gücləndirmişdir.
Son 15 ildə Azərbaycanın müxtəlif bölgələrində 85 məktəbəqədər təhsil müəssisəsi bağlanmışdır ki, onların da 45- i Bakı şəhərinin payına düşür.
Məktəbəqədər təhsil müəssisələrinin sayının azalmasının səbəblərindən biri də ölkəmizdə gedən müharibə nəticəsində 242 məktəbəqədər müəssisənin işğal bölgələrində qalması və dağıdılmasıdır. Bununla yanaşı, təcavüzkar erməni millətçilərinin soyqırım təqibinə məruz qalan 1683 qaçqın və məcburi köçkün ailəsi öz yurdlarını tərk edərək müxtəlif şəhər və rayonlarımızda məktəbəqədər təhsil müəssisələrində məskunlaşmışdır.
Son onillikdə aparılan uğurlu iqtisadi siyasət, həyata keçirilən məqsədyönlü neft strategiyası və bazar yönümlü islahatların dərinləşməsi ölkənin sosial- iqtisadi inkişafında dönüşün əldə olunmasına imkan vermiş, xalqımızın maddi rifah halının get- gedə yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də 21- ci əsrin ilk illərindən iqtisadiyyatın dinamik inkişafı sosial sahələrə dövlət qayğısının gücləndirilməsi və bu sahələrə yönəldilən diqqət və resursların önəmli artımı ilə müşayiət olunmuşdur.
Təkcə onu demək kifayətdir ki, 2006- cı ildə dövlət büdcəsindən məktəbəqədər təhsil sahəsinə ayrılan maliyyə vəsaitlərinin həcmi 33 299 111 manat təşkil etmiş və 2005- ci ilə nisbətən 35,7 faiz, 2004- cü ilə nisbətən isə 50 faizdən çox artırılmışdır. Cari ildə məktəbəqədər təhsil üçün dövlət büdcəsindən nəzərdə tutulan vəsaitin həcmi 46 987 867 manata çatdırılmışdır ki, bu da 2006- cı il səviyyəsindən 41,1 faiz, 2005- ci ildəkindən isə 89,6 faiz çoxdur.
Bütün bunlarla bərabər, məktəbəqədər təhsil sisteminin bugünkü vəziyyəti istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə, o cümlədən əhalinin rifah halının yüksəldilməsində qarşıya qoyulan perspektiv məqsədlər baxımından qənaətbəxş hesab edilə bilməz.
Uzun müddət ərzində məktəbəqədər təhsil sistemində diqqətçəkən irəliləyişə nail olunmamış, bu sahənin inkişafına əngəl törədən problemlərin həllinə istiqamətlənmiş addımlar atılmamışdır. Məktəbəqədər təhsillə əhatə olunmuş hər uşağa düşən maliyyələşmə həddinə görə Azərbaycan orta inkişaf səviyyəli ölkələrlə müqayisə oluna biləcək göstəricilərə nail olsa da, bu gün mövcud olan təşkilati, hüquqi və iqtisadi mexanizmlərin məktəbəqədər təhsil müəssisələrinin yeni şəraitə və bazar iqtisadiyyatının prinsiplərinə uyğun yetərincə səmərəli fəaliyyətini təmin edə bilmədiyi bir reallıq olaraq özünü biruzə verməkdədir. 
Hazırda ölkə üzrə məktəbəqədər müəssisələrə uşaqların cəlb edilməsi ümumilikdə 19,6 faiz, şəhər yerlərində 27,6 faiz, kənd yerlərində isə cəmi 8,6 faiz təşkil edir ki, bu da müvafiq göstəricinin 60- 90 faiz təşkil etdiyi qabaqcıl ölkələrlə müqayisədə xeyli aşağıdır. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların müvafiq xüsusi müəssisələrə cəlb olunması daha aşağı vəziyyətdədir. Ölkədə belə uşaqların sayı 6000- dən artıq olduğu halda, onların yalnız 500 nəfəri (8,3 faiz) məktəbəqədər xüsusi təhsillə əhatə olunmuşdur.
Təəssüf hissi doğuran odur ki, ölkədə mövcud olan məktəbəqədər təhsil müəssisələrindəki uşaq yerlərinin ancaq 70 faizindən istifadə olunur.
Məktəbəqədər yaşlı uşaqların ictimai tərbiyəyə zəif cəlb edilməsi qismən valideynlər arasında işsizliyin olması və bu səbəbdən uşaq bağçaları və körpə evlərinə üz tutulmaması ilə izah oluna bilər. Lakin, bu hal daha çox məktəbəqədər təhsil müəssisələrinin maddi- texniki və tədris bazasının valideynləri qane etməməsi və təlim- tərbiyə işinin tələb olunan səviyyədə qurulmamasından irəli gəlir.
Araşdırmalar göstərir ki, ölkənin kənd rayonları üzrə 130 məktəbəqədər müəssisə yararsız binalarda yerləşir, 70%- dən artıq müəssisənin əsaslı təmirə, 20%- nin isə cari təmirə ehtiyacı vardır. Bu müəssisələrin əksəriyyətində istilik sistemi işləmir, bərk, yumşaq inventar, uşaq mebeli, idman avadanlığı, müxtəlif oyuncaqlar çatışmır. Bir çox hallarda ərzaq təminatı qənaətbəxşlikdən uzaqdır.
Məktəbəqədər təhsil müəssisələrində təlim- tərbiyə işinin təşkilində mövcud olan çatışmazlıqlar nəticə etibarı ilə uşaqların ibtidai məktəbə hazırlıq səviyyəsinin aşağı düşməsində özünü göstərir. Peşəkar pedaqoji kadrların çatışmaması, çoxvariantlı alternativ proqramların, metodik işləmə və vəsaitlərin olmaması, əyani vəsaitlərin, illüstrasiyalı kitab və təlim vəsaitlərinin, didaktik materialların və təlimin texniki vasitələrinin qıtlığı və günün tələbləri səviyyəsində olmaması məktəbəqədər müəssisələrdə təlimə məzmunca mənfi təsir göstərən başlıca amillərdir.
Qeyd olunan nöqsanların aradan qaldırılması və problemlərin səmərəli həlli, ölkəmizdə məktəbəqədər təhsilin günün tələbləri səviyyəsində qurulmasının təmin olunması məqsədi ilə kompleks məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Dövlət Proqramı hazırlanmışdır.
 
2. Proqramın məqsəd və vəzifələri
 
Proqramın əsas məqsədi ölkədə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi- texniki, təşkilati- hüquqi, iqtisadi və tədris- metodiki şərait yaratmaq və bu zəmində məktəbəqədər təhsil sisteminin yüksək sosial- iqtisadi səmərəliliyinə nail olmaqdır.
Proqramın uğurla həyata keçirilməsi aşağıdakı vəzifələrin həllini nəzərdə tutur:
- məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi- texniki bazasının möhkəmləndirilməsi;
- məktəbəqədər təhsil sistemində idarəetmənin müasir sosial- iqtisadi şəraitə uyğun olmaqla, ölkədə təşəkkül tapmış yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi;
- məktəbəqədər təhsil sistemində yetərli maliyyələşmə səviyyəsini və bu sahəyə yönəldilən resursların rasional istifadəsini təmin edən yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması;
- məktəbəqədər təhsilin əhatə dairəsinin genişlənməsinə nail olunması, bütün sosial təbəqələr, o cümlədən aztəminatlı ailələr üçün müasir tələblərə uyğun məktəbəqədər təhsil xidmətlərinin əlçatan olmasının gerçəkləşdirilməsi;
- məktəbəqədər təlim- tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi, uşaqların fiziki, əqli və psixoloji inkişafı, onların məktəbə hazırlığı nəzərindən beynəlxalq təhsil məkanında son mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi;
- məktəbəqər təhsil sahəsinin peşəkar, səriştəli pedaqoji kadrlarla təmin olunması məqsədi ilə bu sahədə kadr siyasətinin günün tələblərinə uyğun qurulması;
- məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi, dövlət qayğısının daha da artırılması ilə yanaşı vətəndaşların, qeyri- dövlət və ictimai qurumların, işgüzar dairələrin bu sahəyə diqqətinin artırılmasına nail olunması.
 
3. Məktəbəqədər təhsilin yeniləşdirilməsinin əsas istiqamətləri
 
Məktəbəqədər təhsil sisteminin günün tələblərinə uyğun modernləşdirilməsi, bu sahədə qarşıda duran vəzifələrin uğurlu həlli aşağıdakı başlıca istiqamətlərdə ardıcıl və əsaslandırılmış tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
 
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi- texniki bazasının təkmilləşdirilməsi:
 
- məktəbəqədər təhsil müəssisələrinin mövcud şəbəkəsinin optimallaşdırılması, səmərəlilik baxımından dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədəmüvafiq hesab olunmayan məktəbəqədər təhsil müəssisələrinin Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına uyğun olaraq profili saxlanılmaqla özəlləşdirilməsi;
- məktəbəqədər təhsil müəssisələrinin maddi- texniki bazasının qabaqcıl standartlara uyğun inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
- əhalinin məktəbəqədər təhsilə olan tələbatlarının ödənilməsində ehtiyac duyulan şəhər, kənd və qəsəbələrdə müasir səviyyədə yeni məktəbəqədər müəssisələrin yaradılması.
 
Məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi:
 
- məktəbəqədər təhsil sisteminin idarə edilməsində mərkəzləşdirilmiş təsərrüfatçılığa və resursların yuxarıdan bölgüsünə əsaslanan inzibati- amirlilikdən imtina edilməsi, ölkə üzrə vahid məktəbəqədər təhsil məkanında “tənzimləyici idarəetmə” üslubunun formalaşdırılması, bu məqsədlə normativ- hüquqi, iqtisadi və keyfiyyət tənzimlənməsinə əsaslanan dövlət idarəetmə mexanizmlərinin qurulması;
- məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin səmərəli şəkildə formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə idarəetmənin müxtəlif pillələri (mərkəzi və yerli hakimiyyət orqanları, yerli özünüidarəetmə orqanları (bələdiyyələr), məktəbəqədər təhsil müəssisələri) arasında vəzifə, məsuliyyət və səlahiyyətlərin optimal bölüşdürülməsi, idarəetmə üzrə fəaliyyətin sıx koordinasiyasına nail olunması;
- ictimai idarəetmə və nəzarət mexanizmlərindən daha geniş istifadə olunması, cəmiyyətin maraqlı qruplarının, valideynlərin (qəyyumlar və valideynlər şuraları vasitəsilə) məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində yaxından iştirak etməsinin dəstəklənməsi.
 
Məktəbəqədər təhsildə yeni iqtisadi münasibətlər modelinin formalaşdırılması:
 
- məktəbəqədər təhsil sahəsində bazar münasibətlərinin və azad rəqabət prinsiplərinin təsir dairəsinin genişləndirilməsi, qeyri- dövlət mülkiyyət formalarına və sahibkar təşəbbüsünə əsaslanan müəssisələr şəbəkəsinin genişlənməsi üçün cəlbedici investisiya mühitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi;
- dövlət büdcəsindən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin maliyyə- təsərrüfat müstəqilliyinin genişləndirilməsi və onlara xərclər smetasının müstəqil təsdiq etmək və dəyişdirmək hüquqlarının verilməsi istiqamətində tədbirlərin görülməsi;
- məktəbəqədər təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsində subyektiv amillərin aradan qaldırılması, büdcədən ayrılan vəsaitlərin uşaqbaşına normativ maliyyələşdirmə prinsipi ilə müəyyən olunması;
- normativ maliyyələşdirmə şəraitində ölkənin ucqar rayonlarında və kəndlərində, həmçinin azsaylı yaşayış məntəqələrində yerləşən məktəbəqədər təhsil müəssisələrinin dayanıqlılığının təmin olunmasına istiqamətlənmiş xüsusi maliyyə dəstəyi mexanizmlərinin qurulması;
- məktəbəqədər təhsil müəssisələri tərəfindən malların və xidmətlərin satınalmasında tender və müsabiqələr vasitəsilə seçimə əsaslanan şəffaf xərclənmə prosedurlarının tətbiqi, onların maliyyə fəaliyyətinə səmərəli ictimai (qəyyumlar və valideynlər şuraları vasitəsilə) və dövlət nəzarət mexanizmlərinin qurulması;
- məktəbəqədər təhsil müəssisələrində çoxmənbəli maliyyələşmə sxemlərinin tətbiq olunması, dövlət tərəfindən müəyyənləşdirilən və büdcədən maliyyələşdirilən əsas təhsil xidmətləri ilə yanaşı ödənişli əlavə təhsil xidmətləri göstərilməsinin təşviqləndirilməsi;
- məktəbəqədər təhsil xidmətlərinin valideynlərlə kontrakt (müqavilə) münasibətləri əsasında göstərilməsinin tətbiq olunması;
- məktəbəqədər təhsil müəssisələri arasında dövlət büdcəsinin vəsaitləri uğrunda sağlam yarışma mühitinin yaradılması;
- dövlət və qeyri- dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün bərabər şəraitin təmin olunması, tədricən vahid məktəbəqədər təhsil məkanının formalaşdırılması.
 
 
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi:
 
- məktəbəqədər təhsil xidmətlərinə tələbatın təmin edilməsi baxımından ölkə üzrə orta göstəricilərə uyğun olmayan yaşayış ərazilərində dövlət vəsaitləri hesabına məktəbəqədər təhsil müəssisələrinin yaradılması, qeyri- dövlət mənbələrdən bu sahəyə investisiya qoyuluşunun mərkəzi və yerli hakimiyyət orqanları, yerli özünüidarəetmə orqanları (bələdiyyələr) tərəfindən dəstəklənməsi;
- məktəbəqədər təhsilin təşkilati diversifikasiyası vasitəsilə ictimai təlim- tərbiyənin müxtəlif sosial təbəqələr üçün əlçatan olmasının gerçəkləşdirilməsi;
- məktəbəqədər təhsil müəssisələrində qısamüddətli və çevik vaxt cədvəli üzrə yerləşdirilməsinə əsaslanan yeni məktəbəqədər təhsil formalarının təşkili;
- inklüziv təhsilə cəlb olunan məktəbəqədər təhsil müəssisələrinin işinin səmərəli qurulması;
- məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların ailə şəraitində təlim keçmələri üçün valideynlərə tədris- metodiki köməklik göstərilməsi (mövcud uşaq bağçaları və orta məktəblər bazasında məktəbəqədər məsləhət- metodiki mərkəzlərin yaradılması, ailə şəraitində təlim alan uşaqlar üçün xüsusi proqram və vəsaitlərin işlənilməsi, valideynlər üçün seminar və treninqlərin təşkil olunması və s.);
- bazar münasibətləri şəraitində müasir məktəbəqədər təhsil xidmətlərinin aztəminatlı ailələr üçün əlçatan olmasını təmin etmək məqsədi ilə ünvanlı dövlət sosial yardım sisteminin müvafiq istiqamətdə təkmilləşdirilməsi;
- ödənişli məktəbəqədər təhsil xidmətlərinin ödənilməsi üzrə valideynlərə vergi güzəştləri mexanizmlərinin tətbiqi;
- ölkə üzrə icbari məktəbəqədər təhsilin tətbiqi imkanlarının araşdırılması və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi;
- məktəbəqədər təhsillə əhatə səviyyəsinin daha da yüksəldilməsi, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, müasir model və mexanizmlərin işlənib hazırlanması.
 
Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsi:
 
- məktəbə hazırlıq baxımından uşaqların fiziki, sosial- mənəvi, estetik və psixoloji inkişafı, dərketmə və nitq qabiliyyətinin yüksəldilməsi üzrə əsas tələbləri özündə ehtiva edən, həmçinin pedaqoji prosesin humanistləşməsini nəzərdə tutan məktəbəqədər təhsil üzrə milli kurrikulumun hazırlanması və müvafiq qaydada təsdiq olunması;
- məktəbəqədər təhsil üzrə milli kurrikuluma uyğun olaraq qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla dövlət məktəbəqədər təhsil proqramının və variativ proqramların tərtib olunması və tətbiqi;
- xüsusi təyinatlı məktəbəqədər təhsil müəssisələri üçün xüsusi proqramların hazırlanması və tətbiq olunması;
- dövlət məktəbəqədər təhsil proqramı, həmçinin variativ və xüsusi proqramlara uyğun təlim vəsaitlərinin, digər dərs vəsaitlərinin və əyani vəsaitlərin hazırlanması, nəşr olunması, məktəbəqədər təhsil müəssisələrinin bu vəsaitlərlə təmin olunması;
- məktəbəqədər təhsil sistemində qabaqcıl beynəlxalq təcrübə əsasında yeni təhsil texnologiyalarının tətbiqinin dəstəklənməsi;
- məktəbəqədər təhsilin ölkədə vahid təhsil sisteminin digər pillələri ilə əlaqəsinin gücləndirilməsi və sıx inteqrasiyasının təmin olunması;
- ölkədə məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiq olunması.
 
Kadr siyasətinin təkmilləşdirilməsi:
 
- məktəbəqədər təhsil sisteminin pedaqoji kadrlara və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması işinin müasir tələblərə uyğun qurulması;
- yeni şəraitdə məktəbəqədər təhsil sistemi üçün kadr hazırlığının, ixtisasartırma təhsilinin təkmilləşdirilməsi, məktəbəqədər təhsil müəssisələri üçün menecerlərin və idarəetmə heyəti kadrlarının yetişdirilməsi işinin təşkili;
- məktəbəqədər təhsildə peşəkar, səriştəli pedaqoji kadrların çoxluq təşkil etməsinə nail olunması;
- məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial statusunun və maddi rifah halının yüksəldilməsinə istiqamətlənmiş tədbirlərin görülməsi, onların iqtisadi cəhətdən təşviqləndirilməsində məktəbəqədər təhsil müəssisələrinin müstəqilliyinin əhəmiyyətli dərəcədə artırılması;
- kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərə maliyyə və sosial dəstək tədbirlərinin hazırlanması və tətbiq olunması;
- kənd yerlərində və ucqar rayonlarda yerləşən məktəbəqədər təhsil müəssisələri üçün yerli əhali arasından kadr hazırlığını təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi.
 
Məktəbəqədər təhsilin ictimai statusunun qaldırılması:
 
- məktəbəqədər təhsilin problemlərinə ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinin artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, qlobal internet şəbəkəsinin imkanlarından bu məqsədlə daha geniş istifadə olunması;
- məktəbəqədər təhsil barədə statistik göstəricilər sisteminin beynəlxalq standartlar nəzərə alınmaqla təkmilləşdirilməsi;
- məktəbəqədər təhsil sisteminin mütəmadi monitorinqinin keçirilməsinə nail olunması, monitorinqin nəticələrinin kütləvi informasiya vasitələrində dərc olunması və ictimaiyyətə çatdırılması;
- yaxşı nəticələr əldə etmiş məktəbəqədər təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılması və yayılmasının dəstəklənməsi.
 
4. Proqramın maliyyə təminatı
 
Proqramın maliyyə təminatını bu məqsədlər üçün nəzərdə tutulan dövlət büdcəsi vəsaitləri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir.
 
5. Gözlənilən nəticələr
 
Proqramın yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
- məktəbəqədər təhsil müəssisələrinin maddi- texniki və tədris bazası möhkəmlənəcək, tədris- metodiki təminatı yeniləşdiriləcək;
- məktəbəqədər təhsilin sosial- iqtisadi səmərəliliyi artacaq, məktəbəqədər təhsil müəssisələrinin maliyyə təminatının dayanıqlılığına imkan yaranacaq;
- əhalinin məktəbəqədər təhsil xidmətlərinə tələbatı daha dolğun təmin ediləcək;
- bütün əhali təbəqələri üçün müasir standartlara uyğun məktəbəqədər təhsil xidmətlərinin əlçatan olması təmin olunacaq;
- məktəbəqədər təhsilin əhatə dairəsi genişlənəcək, məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların sayı artacaq;
- uşaqların təlim- tərbiyəsi, sağlamlığının qorunması, fiziki, intellektual və psixoloji inkişafı üçün əlverişli şərait yaradılacaq;
- kadr təminatı yaxşılaşacaq, kadrların peşəkarlıq səviyyəsi yüksələcək;
- məktəbəqədər təhsilin keyfiyyəti yüksələcək.
 
6. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı

  Sıra №si  Tədbirlərin adı İcraçılar  İcra müddəti
6.1.  Ölkənin zəruri ehtiyac duyulan regionlarında  yeni məktəbəqədər təhsil müəssəsələrinin inşası, həmçinin  mövcud binaların əsaslı və cari təmiri tədbirlərinin 20072010-cu illər üzrə həyata keçirilməsi cədvəlinin və maliyyə-smeta sənədlərinin  tərtib edilərək təsdiq edilməsi, bu tədbirlərin müvafiq illər üzrə büdcə təxsisatları da nəzərə alınmaqla maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi

Nazirlər Kabineti,
Təhsil Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi,
Maliyyə Nazirliyi,
yerli icra hakimiyyəti orqanları

2007
6.2.  Təsdiq olunmuş cədvəl üzrə ölkənin zəruri ehtiyac duyulan regionlarında yeni məktəbəqədər təhsil müəssisələrinin inşası, mövcud binaların əsaslı və cari təmiri tədbirlərinin həyata keçirilməsi

Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi
 

20072010

 

6.3.  Özəlləşdirilən məktəbəqədər təhsil müəssisələrinin profil üzrə fəaliyyətinin davam etdirilməsinə nəzarətin və tədrismetodiki dəstək tədbirlərinin həyata keçirilməsi

Təhsil Nazirliyi,
Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi
 

Mütəmadi
6.4.  Məktəbəqədər təhsil sahəsində mövcud norma və normativlərin (qida, inventar, avadanlıq, dərs vəsaitləri və s.) təkmilləşdirilməsi

Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Maliyyə Nazirliyi

20072008
6.5.  “Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında” Qanun layihəsinin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikası Prezidentinə təqdim olunması

Nazirlər Kabineti,
Təhsil Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi

20072008
6.6.  Müxtəlif mülkiyyət formaları üçün məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsinin hazırlanması və müvafiq qaydada təsdiq olunması

Təhsil Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi,
Ədliyyə Nazirliyi
 

20072008
6.7.  Məktəbəqədər təhsil müəssisələrinin müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, idman avadanlığı və s. ilə təmin olunması üçün zəruri tədbirlərin görülməsi

Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi,
Gənclər və İdman Nazirliyi

20072010
6.8.  Dövlət tərəfindən müəyyənləşdirilən və dövlət büdcəsindən maliyyələşdirilən əsas təhsil xidmətlərinin təmin edilməsi məqsədilə məktəbəqədər təhsil müəssisələrinin pedaqoji və digər işçilərinin say normativlərinin müvafiq qaydada təsdiq edilməsi

Nazirlər Kabineti,
Təhsil Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
 

2008
6.9.  Məktəbəqədər təhsil sisteminin dövlət tərəfindən idarə edilməsində normativhüquqi, iqtisadi və keyfiyyət tənzimlənməsi mexanizmlərinin qurulması üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Nazirlər Kabineti,
İqtisadi İnkişaf Nazirliyi,
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
 

20072008
6.10.  Məktəbəqədər təhsil sistemində ictimai idarəetmə və nəzarət formalarının tətbiqi üzrə təkliflərin işlənib hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Nazirlər Kabineti,
İqtisadi İnkişaf Nazirliyi,
Təhsil Nazirliyi

20072008
6.11.  Məktəbəqədər təhsil müəssisələrinin büdcə təminatı normativlərinin (uşaqbaşına maliyyələşdirmə normativlərinin) hesablanması metodikasının və tətbiq olunma qaydalarının hazırlanması və təsdiq olunması

Nazirlər Kabineti,
Maliyyə Nazirliyi,
Təhsil Nazirliyi
 

2008
6.12.  Ölkənin ucqar rayonlarında və kəndlərində, həmçinin azsaylı yaşayış məntəqələrində yerləşən məktəbəqədər təhsil müəssisələrinə xüsusi maliyyə dəstəyi mexanizmlərinin qurulması  üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Nazirlər Kabineti,
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
 

2008
6.13.  Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında təhsil xidmətlərinin göstərilməsi haqqında nümunəvi müqavilənin hazırlanması və müvafiq qaydada təsdiq olunması

Nazirlər Kabineti,
Təhsil Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi,
Ədliyyə Nazirliyi

2008
6.14.  Məktəbəqədər təhsil sahəsində cəlbedici investisiya mühitinin yaradılması üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Nazirlər Kabineti,
İqtisadi İnkişaf Nazirliyi,
Maliyyə Nazirliyi,
Vergilər Nazirliyi

2007
6.15.  Məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmsı və müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunması Təhsil Nazirliyi 2008
6.16.  5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması Təhsil Nazirliyi 2008
6.17.  İnklüziv təhsilin tətbiqi üzrə normativhüquqi bazanın yaradılması və təcrübənin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi,
Ədliyyə Nazirliyi

20072010
6.18.  Məktəbəqədər təhsil üzrə milli kurrikulumun işlənib hazırlanmsı və müvafiq qaydada təsdiq olunması Təhsil Nazirliyi 20072008
6.19. Dövlət məktəbəqədər təhsil proqramının, variativ proqramların və xüsusi məktəbəqədər təhsil proqramlarının tərtib olunması və tətbiqi Təhsil Nazirliyi 20082009
6.20.  Məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması və nəşrinin təşkil olunması Təhsil Nazirliyi 20082009
6.21.  Məktəbəqədər təhsil sistemində qabaqcıl beynəlxalq təcrübə əsasında yeni təhsil texnologiyalarının tətbiqi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi Təhsil Nazirliyi 20072010
6.22.  Məktəbəqədər təhsil üzrə monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiqi Təhsil Nazirliyi 20082009
6.23.  Məktəbəqədər təhsilin qısamüddətli qruplar və çevik vaxt cədvəli üzrə fəaliyyət göstərən yeni təşkilati formalarının yayılması Təhsil Nazirliyi 20072010
6.24.  Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların valideynləri üçün məsləhət –metodiki mərkəzlərin yaradılması, treninq və seminarların təşkil olunması

Təhsil Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

20072010
6.25.  Müasir məktəbəqədər təhsil xidmətlərinin aztəminatlı ailələr üçün əlçatan olmasını təmin etmək məqsədi ilə ünvanlı dövlət sosial yardım sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunması

Nazirlər Kabineti,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Təhsil Nazirliyi

20072008
6.26  Ödənişli məktəbəqədər təhsil xidmətlərinin ödənilməsi üzrə valideynlərə vergi güzəştləri mexanizmlərinin tətbiqi barədə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Nazirlər Kabineti,
Vergilər Nazirliyi,
Maliyyə Nazirliyi

2007
6.27  Məktəbəqədər təhsil sisteminin pedaqoji kadrlara və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması işinin təkmilləşdirilməsi Təhsil Nazirliyi 20072008
6.28. Məktəbəqədər təhsil sistemi üçün kadr hazırlığının, ixtisasartırma təhsilinin və idarəetmə heyəti kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi Təhsil Nazirliyi 20072008
6.29.  Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial statusunun və maddi təminatının yüksəldilməsi üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Təhsil Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Maliyyə Nazirliyi

20072008
6.30.  Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və digər işçilərin iqtisadi təşviqləndirilməsində məktəbəqədər təhsil müəssisələrinin müstəqilliyinin artırılması üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

20072008
6.31.

 Kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərə maliyyə və sosial dəstək tədbirləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması

Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2008
6.32.  Məktəbəqədər təhsil barədə statistik  göstəricilər sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi

Dövlət Statistika Komitəsi,
Təhsil Nazirliyi

2007
6.33.  Məktəbəqədər təhsil sisteminin mütəmadi monitorinqinin aparılması üzrə tədbirlərin həyata keçirilməsi, monitorinqin nəticələrinin kütləviinformasiya vasitələrində dərc olunması və ictimaiyyətə çatdırılması

Təhsil Nazirliyi,
Dövlət Statistika Komitəsi

20072010
6.34.  Müsbət nəticələr əldə etmiş məktəbəqədər təhsil müəssisələrinin qabaqcıl iş təcrübəsinin təbliğ olunması və yayılması üzrə tədbirlərin həyata keçirilməsi Təhsil Nazirliyi Mütəmadi
6.35.  Məktəbəqədər təhsil barədə ölkə üzrə informativ və analitik məlumatları əks etdirən vahid internet saytının yaradılması Təhsil Nazirliyi 2008