Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, müvafiq fərman, qərar və sərəncamlara, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə və digər normativ sənədlərin tələblərinə uyğun olaraq aşağıdakılardır:

- Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün tipdən olan təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi;

- Təhsilin idarəolunmasının effektivliyini yüksəltmək üçün təhsil müəssisələrindən alınmış ilkin sənədlər əsasında zəruri statistik, analitik, sosioloji və digər informasiyaların toplanması, emalı və saxlanması, təhsilin idarəolunması üzrə məlumat sistemlərinin işlənilməsi və həyata keçirilməsi;

- Nazirliyin digər struktur bölmələrinin zəruri informasiyalarla təmin edilməsi;

- Statistik məlumatların təhlili əsasında əsaslandırılmış və effektli idarəetmə qərarlarının verilməsi məqsədilə avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması;

- Statistik təhlillər əsasında proqnozlaşdırmanın aparılmasına kömək edilməsi;

- Fəaliyyət sahəsinə aid normativ-hquqi sənədlərin işlənilib hazırlanmasında iştirak edilməsi;

- Dövlət təhsil standartlarına uyğun olaraq monitorinq və qiymətləndirmələrin həyata keçirilməsi;

Qeyd olunan fəaliyyət istiqamətləri üzrə vəzifələri yerinə yetirirmək məqsədilə statistika və qiymətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq edilir.

 

Aşağıdakı funksiyaların icra edilməsi ilə təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi sahəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:

- Nazirliyin, təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrinə uyğun məlumat bazası yaradılması və daim təkmilləşdirilməsi;

- Statistik məlumatların təhlil edilməsi və tələb edilən müxtəlif formalar üzrə hesabatlar verilməsi;

- Təhsilin keyfiyyətinin qiymətləndirilməsi texnologiyasının işlənməsi və təkmilləşdirilməsi;

- Bütün tipdən olan təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmək üçün müvafiq qiymətləndirmə vasitələrindən ibarət verilənlər bankının yaradılması;

- Fəaliyyət sahəsi üzrə təkliflər hazırlanması.


Keyfiyyətin qiymətləndirilməsi

 

Təhsil sahəsində aparılan qiymətləndirmə siyasətinin əsas istiqamətləri ölkənin ümumtəhsil sistemində məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə sisteminin hazırlanması və həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

2008-2009-cu dərs ilindən respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərində yeni təhsil proqramları (kurikulumları)nın və həmin siniflərdə yeni məktəbdaxili qiymətləndirmə sisteminin tətbiqinə başlanmışdır. Bununla bağlı müvafiq normativ hüquqi sənədlər hazırlanmış və müəllimlərin istifadəsinə verilmişdir. O cümlədən: “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuşdur. 2013/2014-cü dərs ilindən ümumtəhsil məktəblərinin yeni fənn kurikulumları tətbiq olunan siniflərində məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsini tənzimləmək üçün “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə müvəqqəti Təlimat” hazırlanmış, istifadə üçün yerli təhsili idarəetmə orqanlarına çatdırılmış və Təhsil Nazirliyinin saytında yerləşdirilmişdir.

Məktəbdaxili qiymətləndirmə ilə yanaşı şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi üçün milli və beynəlxalq qiymətləndirmələr də həyata keçirilir.

Belə ki, Azərbaycan Respublikasının məktəbliləri üç beynəlxalq qiymətləndirmə proqramında iştirak edib. Azərbaycanın 2006-cı ildən iştirak etdiyi PISA ( Programme for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı) müxtəlif öl­kə­lə­rin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır. Azərbaycanın qoşulduğu TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramları isə şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Məqsədinə və formasına görə nisbətən milli qiymətləndirməyə yaxın olduğundan onların nəticələri gələcəkdə milli qiymətləndirmənin nəticələri ilə əlaqələndirilə bilər.

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı”na uyğun olaraq Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində milli qiymətləndirmə tədqiqatı həyata keçirilir. Milli qiymətləndirmə şagirdlərin təlim nəticələrinə təsir edən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək məqsədilə aparılan sistemli tədqiqatdır.