“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq Tədris resursları şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Tipindən, mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində istifadə olunan tədris ədəbiyyatına mövcud qaydalar əsasında nəşr hüququ (qrif) verilməsini təşkil etmək;
- “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəşrə hazırlanan dərslik komplektlərinin ekspertizasını, qiymətləndirilməsini, təsdiq edilməsini təşkil etmək və çap olunmasına nəzarəti həyata keçirmək;
- Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması və ölkədə dərslik siyasətinin həyata keçirilməsində iştirak etmək.
 
Şöbə fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
- Təhsilin müxtəlif pillələri və səviyyələri üzrə nəşrə təqdim olunan proqram, dərslik, dərs vəsaiti, eləcə də digər tədris resurslarının dövlət təhsil standartlarına uyğunluğu barədə təkliflərin hazırlanması;
- Mövcud qaydalara uyğun olaraq ümumtəhsil müəssisələri üçün dərsliklərin (dərslik komplektlərinin) siyahısı, tiraji, həcmi və çap formatına dair təkliflərin hazırlanması, eləcə də dərslik komplektlərinin yaradılması üzrə tender prosedurunun təşkilində iştirak edilməsi;
- Ümumtəhsil məktəbləri üçün çap olunmuş dərsliklərin bölgüsünün hazırlanmasının təşkili, həmçinin müvafiq qurumlarla birlikdə dərsliklərin həmin bölgü əsasında təhsil müəssisələrinə çatdırılmasına, məktəblərdə “kitabxana- dərslik” fondunun yaradılması, uçotunun aparılması və qorunub saxlanılmasına nəzarətin təmin edilməsi ;
- Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ümumi təhsil pilləsi üzrə elektron resursların hazırlanması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
 
Şöbə adı çəkilən əsas fəaliyyət istiqamətləri və vəzifələrinin yerinə yetirilməsi və işin təşkili məqsədilə ayrı-ayrı dövlət qurumları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Aşağıdakı funksiyaların icrası sayəsində tədris resursları sahəsində işin tənzimlənməsi təmin olunur:
- Ümumi təhsilin məzmununun müəyyən edilməsi, kurikulumların yenilənməsi, təkmilləşdirilməsi üzrə elmi araşdırmalara dair təkliflərin hazırlanması ;
- Dərslik müəllifliyi üzrə təlim kurslarının təşkili, dərslik tərtibi və qiymətləndirilməsinin konseptual məsələlərinin tədqiqinə dair tədbirlərin görülməsi;
- “Dərslik” portalında zəruri informasiyaların mütəmadi olaraq yeniləşdirilməsi ;
- Dərslik komplektlərinin monitorinqinə dair müzakirələrin keçirilməsində iştirak edilməsi, onların məzmun və poliqrafik icra keyfiyyətinin artırılması sahəsində sistemli tədbirlərin gerçəkləşdirilməsi, nəşr zamanı verilən rəy və təkliflərin nəzərə alınması.