“Təhsil haqqında”, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunlarının, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq İnsan resursları sahəsinin başlıca fəaliyyət məqsədləri aşağıdakılardır:

- təhsil sistemində kadr siyasətinin formalaşdırılmasında iştirak etmək;

- əlavə təhsilin istiqamətləri üzrə işləri tənzimləmək;

- təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən insan resursları sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.

               

Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı təşkilatlar, qeyri-hökümət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.

 

İnsan resursları işinin başlıca təşkili vəzifələri:

 

- kadrların idarəolunmasının prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi;

- təhsil sisteminin ixtisaslı kadrlara, о cümlədən pedaqоji kadrlara оlan real tələbatının  müəyyənləşdirilməsi və оnların iş yerləri ilə təmin оlunmasının dəstəklənməsi;

- təhsil müəssisələrinə kadrların işə qəbulunun tənzimlənməsi mexanizmlərinin daim təkmilləşdirilməsi və tətbiqinin təşkil edilməsi;

- ciddi tələbat yaranan ixtisaslar üzrə yenidənhazırlanma təhsilinin həyata keçirilməsinin tənzimlənməsi, əlavə təhsilin istiqamətləri üzrə müvafiq reqlamentləşdirici və təlimati sənədlərin işlənib hazırlanmasının təmin edilməsi, onların təsdiqinə nail olunması və digər öhdəliklərin yerinə yetirilməsi.

 

Aşağıdakı funksiyaların icra edilməsi sayəsində İnsan resurları üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:

 

- Nazirliyin kadr siyasəti və strategiyası üzrə öhdəliklərinin həyata keçirilməsi;

- kadrların idarə olunmasının və peşəkarlıq səviyyəsinin artırılmasının prioritetlərinin müəyyənləşdirilməsi və kadr siyasətinin formalaşdırılmasında iştirak olunması;

- təhsil sisteminin ixtisaslı kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatın müəyyənləşdirilməsi və onların iş yerləri ilə təmin olunmasının tənzimlənməsi;

- bütün kateqoriyalardan olan rəhbər və pedaqoji kadrların fasiləsiz təhsil yolu ilə əlavə təhsili və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi sahəsində aparılan işlərin əlaqələndirilməsi və tənzimlənməsi;

- əlavə təhsilin istiqamətləri üzrə fəaliyyətlərin planlaşdırılması, idarə olunması və keyfiyyətinin yüksəldilməsi işinin təşkili daxildir.

 

Kadr təminatı

 

Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmlərin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsi, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün tədbirlərin həyata keçirilməsi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması məsələləri “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında prioritet hədəflər sırasında göstərilmişdir.

Qeyd olunan müddəaların təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 21.5-ci bəndində nəzərdə tutulan “Vakant elan edilmiş yerlərə müəllimlərin işə götürülməsi üçün mərkəzləşdirilmiş və şəffaf əsaslarla imtahanların keçirilməsi” tələbinin ödənilməsi məqsədilə Azərbaycan Respublikasının təhsil nazirinin 21.04.2014-cü il tarixli 445 nömrəli əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu” üzrə yeni qaydalar qəbul edilmişdir.

Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu prosesində şəffaflığın və ədalət prinsipinin təmin edilməsi üçün işə qəbul mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

Müəllimlik fəaliyyətinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.12.2013-cü il tarixli 356 nömrəli Qərarı əsasən, ümumtəhsil məktəblərində çalışan pedaqoji işçilərin dərs yükünün yuxarı həddi 24 saatdan 36 saata qaldırılmışdır. Bu qərar müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, ümumtəhsil məktəblərində azsaatlı vakansiyaların yaranmasının qarşısının alınması, eləcə də müəllim-şagird nisbətinin optimallaşdırılması üçün zəmin formalaşdırmışdır.

Ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təmin edilməsi, eləcə də pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin həmin məktəblərdə işə başlamaq üçün stimullaşdırılması üçün Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli Qərarı ilə təsdiq olunmuş sənəddə ucqar kənd məktəblərində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur. Hər il minlərlə gənc həvəsləndirici tədbirlərdən bəhrələnərək regionlarda pedaqoji fəaliyyətlərini davam etdirirlər.

Təhsilverənlərin peşəkarlıq səviyyələrinin daim yüksəldilməsi və vətəndaşların ömürboyu təhsil hüququnun təmin edilməsi üçün effektiv fəaliyyət həyata keçirilməkdədir. Nazirlər Kabinetinin 06.09.2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq olunmuş qaydalarda yenidənhazırlanma və ixtisasartırma kimi mühüm mexanizmlər müəyyən olunmuşdur. Yüzlərlə pedaqoji işçilər yenidənhazırlanma və ixtisasartırma təhsilinə cəlb olunur, öz bilik və bacarıqlarını müasir tələblərə uyğunlaşdırmağa müvəffəq olurlar.