Beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında əsasnamə, “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında” əsasnamə və digər normativ-hüquqi aktlarına əsaslanır.

Beynəlxalq əməkdaşlıq şöbəsi Nazirliyin digər struktur qurumları və tədris müəssisələri ilə birlikdə ümumi orta təhsil, ali və orta ixtisas təhsili sahələrində habelə ali məktəblərin elmi fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir, onların yerinə yetirilməsinə nəzarət edir, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə dövlət hesabına təhsili (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr çərçivəsində) və əcnəbilərin Azərbaycan tədris müəssisələrində təhsili ilə bağlı bütün məsələlərin tənzimlənməsini və icrasını həyata keçirir.

 

Beynəlxalq əməkdaslıq şöbəsinin vəzifələri:

Beynəlxalq əməkdaşlıq şöbəsinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu, “Azərbaycan Respublikasında təhsilin inkisafi üzrə Dövlət Strategiyası” və digər normativ-hüquqi aktlarin tələblərinə uyğun olaraq xarici ölkələr, beynəlxalq təşkilatlar və xarici qeyri-hökumət təşkilatları ilə təhsil sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin təmin olunmasi;

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xarici ölkələrlə imzaladığı beynəlxalq müqavilələr və digər proqramlar çərçivəsində xaricdə dövlət hesabına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ilə bağlı seçimin aparılması, qeydiyyatı, təhsil yerinə göndərilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi və seçilmis tələbələrin təhsilinə nəzarətin həyata keçirilməsi;

- Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasında təhsil müəssisələrində təhsili ilə bağlı müvafiq normativ-hüquqi aktların icra olunması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyatı təkliflərin təqdim olunması.

 

Əcnəbilərin Azərbaycanda təhsili

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əcnəbi vətəndaşların təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 125 nömrəli, 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” ilə tənzimlənir.

Əcnəbi vətəndaşlar tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında təhsil almaq hüququna malikdirlər. Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələri ilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar. 

Ölkədə təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Türkiyə, İran, Gürcüstan, Rusiya, Çin Xalq Respublikası kimi ölkələrin vətəndaşlarıdır. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları, Norveç, Hindistan və digər dünya dövlətlərinin vətəndaşları müxtəlif təhsil pillə və səviyyələri üzrə təhsil almaqdadırlar. Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti kimi ali təhsil müəssisələri yer almaqdadır. Azərbaycanda təhsil alan əcnəbi tələbələr daha çox tibb, memarlıq, mühəndislik, humanitar yönümlü ixtisaslara üstünlük verirlər.

Azərbaycan ali təhsil müəssisələrinə əcnəbi tələbələrin qəbulu ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Qanunvericilikdə tətbiq olunmuş dəyişiklik əsasında əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.

Azərbaycana təhsil almaq məqsədilə gələn əcnəbilər təhsil almaqla eyni zamanda, həm də ölkədə yaşama qaydalarına düzgün əməl etməlidirlər. Ölkə ərazisində qeydiyyata düşmək və müvəqqəti yaşama haqda mövcud qaydaları pozmamaq üçün əcnəbilər ölkəyə daxil olmazdan əvvəl Dövlət Miqrasiya Xidmətinin xarici vətəndaşların ölkə ərazisində olmaları qaydaları ilə tanış olmalıdırlar.

Hər bir ali təhsil müəssisəsi əcnəbi tələbələrin cəlbi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirməkdədir. Bu mənada “ADA” Universiteti ilə Niderland Krallığının Maastrixt Menecment Məktəbi arasında uğurla həyata keçirilən “Biznesin idarəolunması” ixtisası üzrə 2 illik birgə magistratura layihəsini, Azərbaycan Dövlət İqtisad Universiteti ilə London Siyasət və İqtisadiyyat məktəbi, “ADA” Universiteti ilə Qlazqo Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Heriot-Vatt ali təhsil müəssisəsi arasında qurulan əməkdaşlıqları xüsusi qeyd etmək mümkündür.