“Təhsil haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunlarının, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq ali təhsil və elm sahəsinin başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Ali təhsilə dair dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək;
- Ali təhsil sisteminin inkişaf konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, öz səlahiyətləri daxilində ali təhsil müəssisələri və onların elmi strukturları tərəfindən həmin konsepsiyaların yerinə yetirilməsini əlaqələndirmək və nəzarət etmək;
Fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı nazirlik və təşkilatlar, qeyri-hökümət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.
 
Ali təhsil sahəsində başlıca vəzifələr:
- Dövlətin və cəmiyyətin yüksək ixtisaslı mütəxəssislərə olan tələbatının ödənilməsi üçün lazımi şərait yaradır, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq respublikanın ali təhsil müəssisələrində ali təhsilli kadrların hazırlanması sahəsində vahid dövlət siyasətini həyata keçirir, təhsilin qanunvericiliyə və dövlət standartlarına uyğun olmasına nəzarət edir.
- Ali təhsil sisteminin fəaliyyətinin və fünksiyalarını təmin edən normativ hüquqi bazanın yaradılmasını təşkil edir.
- Dövlət standartlarının və proqramlarının tələblərinə uyğun olaraq təhsil proqramlarının hazırlanmasını və təsdiqini təşkil edir.
- Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqinə nəzarəti həyata keçirir.
- Müvafiq nazirliklər və digər orqanlarla birlikdə ali təhsil sahəsində dövlət proqram və layihələrinin hazırlanmasında və reallaşdırılmasında iştirak edir.
- Ali təhsilin əsas istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyat, elm, texnika, mədəniyyət və incəsənətin müasir tələbatını nəzərə alaraq mütəxəssislərin hazırlıq keyfiyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür.
- Ölkədə ali təhsilli müəssisələrə olan tələbatı proqnozlaşdırır və təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə təkliflər verir.
- Ali təhsil müəssisələrində tədrisin təşkilinə və təhsilin keyfiyyətinə monitorinq yolu ilə nəzarət edir.
 
Aşağıdakı funksiyaların icra edilməsi sayəsində ali təhsil sahəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:
- “Dövlət standartı və proqramı” sənədinə uyğun olaraq təhsil proqramlarının hazırlanması və təsdiqə təqdim olunması
- Ali təhsil müəssisələrinə tələbə qəbulu barədə təkliflərin hazırlanması 
- Ali təhsil sahəsi üzrə analitik təhlillərin aparılması və monitorinqlərin keçirilməsi 
- Ali təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması
- Ali təhsil müəssisələrində təhsil alanların biliyinin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi və kredit sisteminin tətbiqinə nəzarətin hayata keçirilməsi
 

Bakalavriat

 

İkipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə ilk dəfə olaraq 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə başlanılıb. Ötən illər ərzində bakalavr təhsilinin məzmununda köklü dəyişikliklər və yeniləşmələr aparılıb. Belə ki, mövcud qaydalar təkmilləşdirilib, dünya təhsil sisteminin tələblərinə uyğun standartlar və təhsil proqramları yaradılıb, tədrisdə kredit sisteminin tətbiqi başa çatdırılıb. 2009-cu ildə təsdiq edilən «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsilin bakalavriat səviyyəsində hüquqi-normativ baza təkmilləşdirilir.

 

Magistratura

 

1997-ci ildə ali təhsilin bakalavriat səviyyəsində ilk buraxılış olduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin 17.06.1997-ci il tarixli, 412 nömrəli əmri ilə ölkəmizin 23 dövlət, 9 özəl ali müəssisəsində ali təhsilin ikinci – magistratura səviyyəsinə keçilməsinə icazə verilmiş, onlardan 23-də tələbə qəbulu aparılmışdır.

2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. Azərbaycan Respublikası Prezidentinin 06.04.2005-ci il tarixli, 219 nömrəli fərmanı ilə təsdiq olunan «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»yə uyğun olaraq həmin ildən magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir.

Hazırda respublikamızın əksər ali təhsil müəssisələrində magistr hazırlığı həyata keçirilir. 2013-cü ildən həkim hazırlığı aparılan ali təhsil müəssisələrində rezidentura təhsili üzrə də kadr hazırlığı aparılır.