Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları

 

Sual: Ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu necə həyata keçirilir?

Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

 

Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.

 

Sual: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

Cavab: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

 

Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

Cavab: Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

 

Sual: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Sual: Müsabiqənin ikinci mərhələsi necə təşkil olunur?

Cavab:  Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.

 

Sual: Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

Cavab: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.

 

Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Cavab: Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər.  Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və  protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir.

 

Sual: İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal növbəti işə qəbul müsabiqələrində rol oynayırmı?

Cavab:  İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 (iki) təqvim ili qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Müvafiq keçid balını toplamış namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər.

 

Sual:  Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

Cavab: Sözügedən namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

 

Sual: Hər hansı səbəbdən test imtahanı və ya müsahibədə iştirak edə bilməyən namizədlər üçün təkrar imtahan nəzərdə tutulurmu?

Cavab: Göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir.

 

Sual: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

Cavab: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik  tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

 

Sual: Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?

Cavab: Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.

 

Sual: Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?

Cavab: Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra tərkibi Nazirlik tərəfindən formalaşdırılan Apellyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılacaqdır.