Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Respublikamızda əlverişli biznes mühitinin yaradılması məqsədi ilə əsaslı şəkildə islahatların aparılması, ölkə iqtisadiyyatının, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsas tələblərindən biridir. Bu siyasətin həyata keçirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü layihələr nəticəsində biznes mühitinin əlverişliliyinin artırılmasını, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsini şərtləndirir.

Qeyd olunanlarla əlaqədar sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, habelə onların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli Fərmanı ilə “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

Ölkə Prezidentinin sözügedən Fərmanına uyğun olaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinin və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması üçün ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqan- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurası yaradılsın.

2. Apellyasiya Şurasının tərkibi aşağıdakı kimi müəyyən edilsin:

 

Şuranın sədri:

Ceyhun Bayramov — təhsil nazirinin müavini.

 

Şuranın üzvləri:

Mətin Eynullayev – Aparatın rəhbəri;

Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;

Fərhad Əmirbəyov – nazirin müşaviri;

Famil Mustafayev – nazirin müşaviri;

Sübhi Kazımov – Hüquq şöbəsinin müdiri;

Rövşən Abdullayev – Daxili nəzarət şöbəsinin müdir müavini.

 

3. Apellyasiya Şurasına tapşırılsın ki:

- daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparsın və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etsin;

- qəbul etdiyi qərarların icrasına nəzarət etsin;

- şikayətlərin uçotunu aparsın, onları təhlil etsin, icmallaşdırsın və nəticəsi barədə təhsil nazirinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etsin;

- Apellyasiya Şurası Katibliyinin tərkibi barədə təkliflərini 3 (üç) gün müddətində rəhbərliyə təqdim etsin;

- qanunla, Azərbaycan Respublikası Prezidentinin aktları və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirsin.

4. Hüquq şöbəsi (S.Kazımov) Apellyasiya Şurasının Əsasnamə layihəsini hazırlayıb 1 (bir) ay müddətində rəhbərliyə təqdim etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

16 fevral 2016-cı il

№84