Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrində müvafiq pilot layihələrin tətbiqinə başlanılmışdır. Təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarət olan“Sağlam təhsil–sağlam millət” layihəsinin icrası çərçivəsində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası təhsil sisteminin müxtəlif sahələrinin təkmilləşdirilməsində aparıcı rol oynayan beynəlxalq qiymətləndirmə proqramlarında iştirak edir.
Belə ki, Azərbaycan Respublikasının məktəbliləri üç beynəlxalq qiymətləndirmə proqramında iştirak etmişdir. Azərbaycanın 2006-cı ildən iştirak etdiyi PISA ( Programme for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı) müxtəlif öl­kə­lə­rin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır. Azərbaycanın 2011-ci ildə qoşulduğu TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramları isə şagirdləri yaşına görə deyil, kurikuluma görə qiymətləndirir. Məqsədinə və formasına görə nisbətən milli qiymətləndirməyə yaxın olduğundan onların nəticələri gələcəkdə milli qiymətləndirmənin nəticələri ilə əlaqələndirilə bilər.
Azərbaycan Respublikası PIRLS 2016 beynəlxalq qiymətləndirmə proqramında iştirak edəcəkdir. Cari ildə həmin tədqiqatın pre-test mərhələsi keçirilmişdir.
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı”na uyğun olaraq Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində milli qiymətləndirmə tədqiqatı həyata keçirilir. Milli qiymətləndirmə şagirdlərin təlim nəticələrinə təsir edən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək məqsədilə aparılan sistemli tədqiqatdır.