Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Azərbaycan dövlət müstəqilliyini əldə edənə qədər respublikada elmi-pedaqoji kadrların hazırlanmasının əsas forması aspirantura idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün prioritet sahələrində olduğu kimi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarmışdır. 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bir sıra mühüm qərarlar qəbul olunmuşdur.
 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir:
- bakalavriat (tibb təhsili istisna olmaqla),
- magistratura (tibb təhsili istisna olmaqla),
- doktorantura.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Azərbaycan   Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və doktoranturaların yaradılmasına qoyulan tələbləri və doktoranturaya vahid qəbul qaydalarını müəyyən edir.
Doktoranturaya qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatları tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.
Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ay­rıl­­­ma­maq­la) formalar üzrə, təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.
Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil­dən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uy­ğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc­­­mində qəbul im­ta­han­­ları verirlər.
Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya ali təhsil müəssisələrinin və elmi təşkilatların daxili imkanları hesabına əlavə­ ödənişlər təyin oluna bilər.
Fəlsəfə doktoru alimlik dərəcəsi almaq istəyən şəxslər 3 fəndən (informatika, xarici dil, ixtisas fənni) doktorluq imtahanı verməlidilər.
Ali Attestasiya Komissiyası kollegiyasının qərarlarına əsasən respublika üzrə bütün iddiaçılar tərəfindən informatika fənni üzrə namizədlik imtahanının vahid proqram üzrə bir təşkilatda -  Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda verilməsi məqsədəuyğun hesab edilmişdir.
Xarici dil fənni üzrə doktorluq imtahanları iddiaçılar təhsil aldıqları müəssisədə, ixtisas fənni üzrə isə, bir qayda olaraq, dissertasiyanın müdafiəsi keçiriləcək təşkilatda keçirilir.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, funda­mental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qə­bul edilirlər.
Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.
   Hal-hazırda 21 dövlət ali təhsil müəssisəsində və 7 qeyri-dövlət ali təhsil müəssisələrində doktoranturalar fəaliyyət göstərir.
   Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əsas verir deməyə ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.
 Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir.
2013-cü il 30 avqust tarixində ölkə Prezidenti doktoranturaya ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalamışdır.
2013-cü il 14 sentyabr tarixində ölkə Prezidenti elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında Sərəncam imzalamışdır. Sərəncama görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisas üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılmışdır.
Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi – ali təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır. Bunun nəticəsində ali məktəblərdə çalışan professor-müəllim heyətinin həm sayı, həm də peşəkarlıq səviyyəsi artır.
Belə ki, Təhsil Nazirliyinə tabe olan dövlət ali təhsil müəssisələrində 2013-cü ildə 9263 elmi-pedaqoji kadr, o cümlədən 897 elmlər doktoru, 4089 fəlsəfə elmləri doktoru çalışırdısa, 2014-cü ildə müvafiq olaraq 9345, 906  və 4114  nəfər çalışır.
Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə Prezidentin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Sərəncamın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” da təsdiq edilmişdir. Həmin sənəddə xarici ölkələrin doktorantura pilləsində təhsil alacaq Azərbaycan gənclərinin seçiminin yaxşılaşdırılması üçün meyarlar və prosedurlar müəyyən edilmiş və gəclərin xaricdə təhsili ilə bağlı bütün xərclərinin – vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış, gündəlik qida, minimum zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə gediş-gəliş xərclərinin ödənilməsinin (təşkilati xərclər daxil olmaqla) dövlət tərəfindən həyata keçiriləcəyi göstərilmişdir.
 Dövlət proqramı çərçivəsində 2376 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir.
 Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin bir qismi (510 nəfər və ya 21,5%) təhsilin digər səviyyələrində - ordinatura, rezidentura və doktorantura (fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə) sahələrində təhsil alırlar.     
Azərbaycan Res­pub­likasında elmi qurumların strukturunun müəyyənləşdiril­mə­si, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olun­ma­sını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strate­gi­ya» və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 4 мау 2009-cu il tarixli 255 nömrəli Sərəncam imzalamışdır.
 Son illər doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilir: elmi nəşrlərin sayı artırılır, elmi konfranslar təşkil olunur, elmi kitabxana fondları zənginləşdirilir, beynəlxalq şəbəkəyə qoşulmuş yeni kompyuter sinifləri açılır və s. Ali təhsil müəssisələri tərəfindən hər il bütün elm sahələri üzrə doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransları keçirilir, müsabiqələr təşkil edilir.