Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün fənn proqramlarının (kurikulumların) təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış maliyyələşdirmə Sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İkinci İnkişaf Layihəsinin “Ümumi təhsil üzrə kurikulumun tətbiqinə dəstək və kurikulum islahatlarının davam etdirilməsi” komponentinin icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
1. Respublikanın təlim Azərbaycan dilində və qeyri dillərdə aparılan ümumtəhsil məktəblərinin ümumi orta (V-IX) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) və tədris planları təsdiq edilsin (əlavə olunur).
2. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) həmin fənn proqramları (kurikulumları) əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı müvafiq təşkilati tədbirlər həyata keçirsin.
3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn proqramlarının (kurikulumların) kitab variantının müəyyən olunmuş tirajla Azərbaycan və rus dillərində çapı, həmin sənədlərin rus dilinə tərcüməsi üçün tələb edilən miqdarda maliyyə vəsaiti ayrılmasını nəzərdə tutsun.
4. “Kurikulum islahatlarının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatoru A.Əhmədov, Kurikulum Mərkəzinin direktoru Ə.Abbasov fənn proqramlarının (kurikulumların) kitab variantının çapı üçün lazım olan maliyyə vəsaitinin miqdarı barədə təkliflərini 10 gün müddətinə Nazirliyin İqtisadiyyat şöbəsinə təqdim etsinlər, mütəxəssislərin iştirakı ilə fənn proqramlarının (kurikulumların) kitab şəklində çap variantının hazırlanmasını təmin etsinlər.
5. “Kurikulum islahatlarının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatoru A.Əhmədov, Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Layihəni Əlaqələndirmə Qrupu (E.Rüstəmov) fənn proqramlarının (kurikulumların) rus dilinə tərcüməsi və onların Azərbaycan və rus dillərində elektron variantının hazırlanması üçün lazımi tədbirlər görsünlər.
6. Nəzərə alınsın ki, mahiyyət etibarı ilə ümumi orta və tam orta təhsil səviyyələri üçün fənn proqramları (kurikulumları) ilk dəfə hazırlandığından onlar tətbiq edilənədək həmin sənədlərdə redaktə xarakterli və digər aidiyyəti düzəlişlər oluna bilər.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini, TSİİL üzrə Milli Əlaqələndirici İ.İsgəndərova həvalə olunsun.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
2 iyun 2011-ci il
№963