Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məlum olduğu kimi, təhsilin keyfiyyəti pedaqoji kadrların peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır. Bu baxımdan onların düzgün seçilib yerləşdirilməsi  məsələsi xüsusi aktuallıq kəsb edir. Son illərdə aparılmış təhlillər göstərmişdir ki, bəzi yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən pedaqoji kadrlara olan təlabatın düzgün müəyyənləşdirilməməsi, vakant yerlər barədə verilən sifarişlərin real təlabatla uzlaşmaması, normadan az dərs saatına müəllimlərin işə qəbulu, normativ-hüquqi sənədlərdə qoyulmuş tələb və qaydalara kifayət qədər riayət olunmaması hallarına yol verilmişdir. Bu hallar ümumi təhsil müəssisələrində müəllim-şagird nisbətinin xeyli dərəcədə aşağı düşməsinə, süni müəllim sıxlığının yaranmasına səbəb olmuş, habelə kifayət qədər metodiki hazırlığı olmayan pedaqoji kadrların işə qəbuluna şərait yaratmışdır.
Mövcud nöqsanların aradan qaldırılması məqsədilə 2008-2009-cu tədris ilindən respublikanın ümumtəhsil məktəblərində müəllim vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edilmişdir. Bu məqsədlə 2009-2010-cu tədris ilində Bakı şəhərinin, 2010-2011-ci dərs ilində isə respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulunun yeni qaydalar əsasında müsabiqə yolu ilə aparılmasına başlanılmışdır.
Eyni zamanda müəllimlərin işə qəbulu ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş gənc mütəxəssislərin “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” çərçivəsində həmin illərdə və 2010-cu ildən isə Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun olaraq dövlət sifarişinə əsasən həvəsləndirmə tədbirləri tətbiq olunmaqla kadra ciddi ehtiyac olan kənd məktəblərinə birbaşa göndəriş yolu ilə də aparılmışdır. Bu prosesin pedaqoji kadr təminatında əhəmiyyətli rolu olsa da, indiyədək həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini yalnız həmin ildə bitirən məzunlara şamil edilirdi. Bu əmrlə müəyyənləşdirilmiş yeni qaydalarda isə həvəsləndirmə tədbirlərinin pedaqoji ixtisas təhsilli 35 yaşınadək bütün gənclərə tətbiqi nəzərdə tutulmuşdur.
Həmçinin, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentində də müəllimlərin işə qəbulu mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə daha səmərəli sistemin yaradılması vacib bir məsələ kimi qarşıya qoyulmuşdur.
Respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu sahəsində vahid yanaşmaların tətbiqi, bununla bağlı mövcud normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi, işə qəbul zamanı şəffaflığın, obyektivliyin təmin edilməsi və bu prosesin daha səmərəli mexanizmlərlə tənzimlənməsi məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyi sistemindəki bütün tipdən və növdən olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Nazirliyin 26.08.2008-ci il tarixli, 1019 nömrəli əmrilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası”na uyğun və bu əmrlə müəyyənləşdirilmiş reqlamentləşdirici sənədlər əsasında mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçirilsin.
2. Müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiqi məqsədilə ”Respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin vakant yerlərə işə qəbulu üzrə reqlament (Əlavə 1)”, “Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat (Əlavə 2)”, “Test suallarının cavablandırılmasına dair təlimat (Əlavə 3)”, “Müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” (Əlavə 4), “Elektron ərizə forması (Əlavə 5)” və “Vakant yerlər barədə məlumat forması (Əlavə 6)” təsdiq edilsin (əlavə olunur).
3. Müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş vahid sistemə keçidlə əlaqədar dövlət ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən məzunların iş yerinə göndərilməsi üçün təyinatların verilməsi dayandırılsın.
4. Pedaqoji profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri məzunlara müəllimlərin işə qəbulu üzrə yeni qaydalar barədə ətraflı məlumat verilməsini və geniş izahat işi aparılmasını təmin etsinlər.
5. Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri:
5.1. Bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsini və müvafiq izahat işlərinin aparılması təmin etsinlər.
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli, 215 nömrəli qərarına uyğun müəllimlər arasında dərs bölgüsünün aparılmasını təmin etsinlər.
5.3. Hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə (Əlavə 6) Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunmasi şöbəsinə təqdim etsinlər.
5.4. İşə qəbul üzrə müsabiqənin nəticələrinə uyğun olaraq Nazirliyin rəsmi məktubu əsasında vakant yeri tutmuş müəllimlərlə əmək müqaviləsinin bağlanmasını və əmrlə rəsmiləşdirilməsini təmin etsinlər.
5.5. Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş pedaqoji kadrlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri həll etsinlər.
6. Nəzərə alınsın ki:
6.1. Həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənclərə şamil olunur.
6.2 Rayon və şəhər daxilində bir ümumi təhsil müəssəsindən digərinə müəllimlərin yerdəyişməsi yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.
6.3. İşə qəbul üzrə müsabiqə başa çatanadək elan edilmiş vakant yerlərə rayon (şəhər) daxilində yerdəyişmə yolu ilə və ya əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanmasına, eləcə də bir rayondan (şəhərdən) digərinə yerdəyişmə yolu ilə müəllimlərin işə qəbuluna icazə verilmir.
6.4. Analıq məzuniyyəti yerinə müəllimlərin işə qəbulu yerli təhsili idarəetmə orqanlarının razılığı əsasında ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanmaqla məktəb direktorunun əmrinə əsasən aparılır. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin tərəf, müddət və şərtlərinə yenidən baxılır.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə), Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) Nazirliyin rəsmi İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsinin açılmasını, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş məlumatların həmin səhifədə yerləşdirilməsini təmin etsin və reqlamentlə müəyyənləşdirilmiş digər aidiyyəti məsələləri həll etsinlər.
8.  Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):
8.1. Hər il iyul ayının 1-dək vakant yerlər barədə məlumatları təhlilini aparsın, Nazirliyin rəsmi İnternet saytında və "Azərbaycan müəllimi" qəzetində elanların verilməsini, o cümlədən  həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərin elanda reqlamentlə müəyyənləşdirilmiş qaydada göstərilməsini təşkil etsin.
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerlərini hər tədris ili üçün müəyyənləşdirsin və iyun ayının 15-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etsin.
8.3. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qruplarının yaradılmasını və “Test bankı”nın hazırlanmasını təmin etsin.
8.4. İşə qəbul prosesinin səmərəli təşkili və keçirilməsi üçün müsabiqə komissiyasının, habelə imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədilə apellyasiya komissiyasının tərkibini müəyyənləşdirib təsdiqə təqdim etsin.
8.5. Müəllimlərin işə qəbulu üzrə müsabiqə iştirakçılarının elektron ərizələrinin təsdiq olunması, test imtahanlarının təşkili, keçirilməsi, müsahibənin aparılması və müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi üçün tədbirlər görsün.
8.6. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
9. Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə əlaqədar əmək qanunvericiliyindən və bu əmrdən irəli gələn tələblərə ciddi riayət olunması, eləcə də yol verilən nöqsanlara görə bilavasitə məsuliyyət daşımaları yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılsın.
10. Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tətbiq edilsin.
11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin və ona əlavələrin, eləcə də vaxtaşırı olaraq müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumatların “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
12. Ümumi şöbə (H.Məmmədova, A.Nəbiyev) əmrin çoxaldılaraq bütün yerli təhsili idarəetmə orqanlarına, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və pedaqoji profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrinə göndərilməsini təmin etsin.
13. Əmrin icrasina nəzarəti öz üzərimə götürürəm.
 
Əsas:Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.01.2011-cil tarixli Kollegiya   iclasının qərarı, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponentinin   İcra Planı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
11 may 2011-ci il
№ 795

 
Əlavə: