İnsan resurları şöbəsinin müdir müavini İlham Nağıyevin Trend İnformasiya Agentliyinə müsahibəsi (24.06.2015)

Təhsil Nazirliyi müəllimlərin işə qəbulunun başlaması ilə əlaqədar bu həftənin sonuna kimi müsabiqə elan etməyi nəzərdə tutur. Müəllimlərin işə qəbulu üçün elektron qaydada sənədlərin qəbulu iyulun 1-dən 15-dək aparılacaq. İyulun 20-dən 26-dək imtahanların keçirilməsi planlaşdırılır. Bunu Trend-ə müsahibəsində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib.

Onun sözlərinə görə, may ayında birinci mərhələdə hər hansı şəhər, rayon daxilində iş yerini dəyişmək istəyənlər üçün daxili yerdəyişmə prosesi həyata keçirilib. İkinci mərhələ müəllimin bir rayon, şəhərdən digər rayon, şəhərə iş yerinin dəyişməsi ilə bağlı olub ki, bununla bağlı da sənəd qəbulu iyunun 1-dən 10-dək aparılıb, iyunun 16-da imtahan, iyunun 17-də isə müsahibə keçirilib. Növbəti 3-cü mərhələ isə müəllimlərin işə qəbulu prosesidir.

Vakant yerlərin sayı arta bilər

İ.Nağıyev deyib ki, bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin yerlərin 3202-si (91 faizi) Azərbaycan bölməsi, 309-u (9 faizi) rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 faiz), ibtidai sinif (440 yer, 13 faiz) , biologiya (387 yer, 11 faiz), fizika (359 yer, 10 faiz), coğrafiya (341 yer, 10 faiz) fənləri üzrə elan edilib. Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13 faiz), Cəlilabad rayonu (205 yer, 6 faiz), Lerik rayonu (202 yer, 6 faiz), Laçın rayonu (197 yer, 6 faiz) və Quba rayonunun (184 yer, 5 faiz) ümumi təhsil müəssisələrindədir.

İşə qəbul üçün müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytına, eləcə də www.edu.gov.az saytında “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq, müsabiqə barədə məlumatlarla tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.

İ.Nağıyev deyib ki, bu yaxınlarda yekunlaşan müəllimlərin iş yerinin yerdəyişməsi müsabiqəsində iştirak üçün 1309 nəfərin ərizəsi təsdiq edilmişdi. Keçirilən müsabiqənin nəticələrinə uyğun olaraq, 175 nəfər müəllim iş yerini dəyişmək hüququ qazanıb.

İ.Nağıyev bu müsabiqənin keçirilməsindən sonra qalan vakant yerlərlə bağlı dünəndən başlayaraq, bir daha rayon təhsil şöbələrinə məlumatlar göndərdiklərini söyləyib: “Çünki biz ilk dəfə vakansiyaları may ayında toplamışdıq. Artıq iyun ayının sonudur. Ola bilər ki, həmin vakant yerlər artırılsın”.

Qeydiyyat asanlaşdırıldı

İ.Nağıyev bildirib ki, bu il müəllimlərin işə qəbulu proseduru ilə bağlı bəzi yeniliklər tətbiq edilib. Onun sözlərinə görə, ötən illərdən fərqli olaraq, bu il proses tam avtomatlaşdırılıb: “Vakansiyaların toplanmasından başlamış müsahibənin keçirilməsi mərhələsinə qədər olan hər bir proses tam elektron şəkildə baş verir. Namizədlərin internetlə qeydiyyatını asanlaşdırmışıq. Onlar 5-8 dəqiqə ərzində tam qeydiyyatdan keçə bilərlər”.

İ.Nağıyev bildirib ki, TN keçən illərdə namizədin şəxsi məlumatlarını, təhsil, eyni zamanda iş yeri haqqındakı məlumatlarını onun imtahana gəlmə ərəfəsində müəyyənləşdirirdi. Amma TN bu ildən həmin bu məlumatları namizədin qeydiyyatdan keçdiyi mərhələdə müəyyənləşdirə bilir. Bu, TN-nin Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq elektron bazalarına tam inteqrasiya olunma nəticəsində mümkün olub: “Ona görə də namizəd artıq elektron qeydiyyatdan keçən zaman onun şəxsi məlumatlarının dəqiqliyi, təhsil haqqında sənədinin düzgün olub-olmaması, bu müsabiqəyə buraxılıb-buraxılmaması məsələsi avtomatik rejimdə tam yoxlanılır”.

Namizədlər üçün daha bir yenilik

İ.Nağıyev bildirib ki, bu ildən başlayaraq, müsabiqədə iştirak edən namizədlərin müsahibəyə dəvət olunması üçün yeni xidmətin tətbiqinə də başlanılıb.

Bu ildən müsahibəyə dəvət edilən namizədlərin telefonlarına müsahibənin keçirilmə tarixi və yeri barəsində SMS-lər göndərilir. Bu yenilik artıq müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edənlər üçün də tətbiq edilib. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edəcək namizədlərə də belə SMS-lərin göndərilməsi planlaşdırılır: “Namizədlərin imtahana dəvət olunması ilə bağlı onların şəxsi səhifələrinə məlumat göndərilir. Namizədin imtahana dəvətini 1 həftə - 10 gün əvvəldən elan edirik. Amma bu ildən müsahibəyə dəvət edilən namizədlərin telefonlarına SMS-lərin də göndərilməsinə başlanılıb. Ola bilər ki, kimsə hər hansı səbəbdən şəxsi səhifəsinə baxmaz. Namizəd bu SMS-lərlə artıq dəqiq biləcək ki, müsahibə nə zaman, harada olacaq?”

“Vətəndaşlar bəzən şikayət edərək deyirlər ki,…”

İ.Nağıyev bildirib ki, bu il vakant müəllim yerinin 68 faizinə - 2400 yerə həvəsləndirmə tədbirləri tətbiqi olunur. Həmin yerləri seçən gənc mütəxəssislər bir çox stimullaşdırıcı tədbirlərdən faydalanırlar.

Nazirlik rəsmisinin sözlərinə görə, gənc mütəxəssislər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirlər yerlərdə problemsiz həyata keçirilir.

İ.Nağıyev qeyd edib ki, konkret iş yerinə göndəriş almış gənc mütəxəssis kənd rayonuna işləməyə gedərsə, ona yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 misli həcmində birdəfəlik yardım ödənilməlidir: “Bu, bütün hallarda baş verir. Bunu yerli rayon təhsil şöbəsi edir. Ondan başqa müəllimin əmək haqqına əlavə olaraq, kompensasiya ödənilir. Biz bununla bağlı problemlər eşitməmişik”.

İ.Nağıyev bildirib ki, stimullaşdırıcı tədbirlərlə bağlı bəzi şəxslərin şikayət etdiyi yeganə məsələ onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılması ilə ilə bağlıdır: “Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 67 saylı qərarında torpaqla bağlı məsələ var. Orda qeyd edilir ki, yerli icra hakimiyyəti orqanları bələdiyyələrlə birlikdə gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına yardım etməlidirlər. Sənəddə də qeyd olunur ki, bu, yardım formasında olmalıdır. Vətəndaş isə elə anlayır ki, o, mütləq olmalıdır. Amma bəzən olur ki, həmin yerdə bələdiyyənin sərəncamında ümumiyyətlə torpaq olmur. Bizdə də bəzi müəllimlərin bununla bağlı şikayət etməsi barədə məlumatlar olur. Deyirlər ki, mənə torpaq ayrılmadı, mən necə yaşayım? Ancaq bu məsələ müəyyən dərəcədə Təhsil Nazirliyinin səlahiyyətindən çox yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir”.

İş yerlərini dəyişmək istəyən gənc kənd müəllimlərinin sayı azalıb

İ.Nağıyev qeyd edib ki, Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərarına edilən dəyişikliklərə əsasən, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödənilir. Qərara edilən bu dəyişiklik nəticəsində 3 illik fəaliyyət müddəti tamamlanmış gənc müəllimlərin iş yerlərini dəyişməsi halları sayı kifayət qədər azalıb.

İ.Nağıyev qeyd edib ki, TN-nin müəllimi vakant yer üzrə işləməyə göndərilməsi üçün hər hansı inzibati müdaxilə yolu yoxdur: “Biz sadəcə vakansiyaları elan edirik, həvəsləndirmə tədbirləri olan yerləri açıqlayırıq. Maksimum dərəcədə çalışırıq ki, müəllimə yardım edək. Müəllim özü artıq könüllü şəkildə yeri seçərək deyir ki, mən burda işləmək istəyirəm və gedir. Belə hallar da olur ki, namizəd yeri seçir, imtahandan, müsahibədən keçir, amma sonra fikrini dəyişir. Deyir ki, mən gedib məktəbi gördüm, həmin yer mənə uyğun deyil. Belə yaşda insanın belə addım atması bəzən anlaşılmır. Bu da son nəticədə vətəndaşların iş yerini seçən zaman bəzi hallarda həmin iş yeri haqqında məlumatsız olduğunu göstərir”.

Namizədlərin qərar verməsinə kömək edən düymə

İ.Nağıyev deyib ki, kənd yerlərinə gedən müəllimlərin qəbul olunduqları iş yerlərindən imtina etmə hallarının qarşısını alan daha bir yeni xidmət istifadəyə verilib.

Bu il bu sahədə yenilik etdiklərini deyən nazirlik rəsmisinin sözlərinə görə, əvvəlki illərdə namizəd vakant yer seçən zaman yalnız vakansiyanın adını görürdü: "Namizəd artıq bu ildən vakansiyanı seçən zaman onun yanında olan “Ətraflı” düyməsini basmaqla seçdiyi məktəbin konkret ünvanı, rayon mərkəzindən nə qədər aralı yerləşməsi barədə, bir sözlə, məktəb haqqında tam ətraflı məlumat ala biləcək. Bu da namizədin ilkin qərar verməsinə təsir edir. Müəllimlərin yerdəyişməsi prosesi qartıq iki həftədir ki, bitib. Biz hələ ki, kiminsə fikrinin dəyişdiyini görməmişik”.