Sual: Bəzi ekspertlər bildirirlər ki, qəbul imtahanlarında pedaqoji kadr hazırlığı aparılan ixtisaslara qəbul yüksək balla həyata keçirilsin. Bununla bağlı Təhsil Nazirliyinin mövqeyi necədir?

Cavab: Pedaqoji kadr hazırlığı aparılan ixtisaslara qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin qəbul olunmasına dair ekspertlərin fikrinə Təhsil Nazirliyi müsbət yanaşır.

Sual: Məlumatımıza görə, əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidir. Bu doğrudurmu?

Cavab: Nazirlər Kabinetinin 13.01.2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.
Bununla yanaşı, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” 19.01.2012-ci il tarixli (№10) Qərarında qeyd olunmuşdur ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.

Sual: Təhsil Nazirliyi ucqar orta məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət məqsədilə davamlı tədbirlər həyata keçirməyi planlaşdırırdı. Bu tədbirlərə başlanılıbmı? Həmin tədbirlər konkret olaraq nələrdən ibarətdir?

Cavab:Şagirdlərin dərsə davamiyyətinə nəzarətlə bağlı məsələlər təhsil işçilərinin sentyabr konfranslarında ciddi müzakirə olunmuş, məktəb direktorlarına lazımi təlimati göstərişlər verilmişdir. Təhsil şöbələri bu məqsədlə davamlı araşdırmalar aparır. Təhsil Nazirliyi də seçmə yolla yoxlamalar aparmağı planlaşdırır və dərs ilinin I yarısının sonunadək bu sahədə müvafiq işlər həyata keçirəcəkdir.

Sual: Təhsil Nazirliyi müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxmağı nəzərdə tutur. Bu işə başlanılıbmı?

Cavab: Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanmış,  ekspertizası keçirilmiş və təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur.

Sual: Təhsil Nazirliyi bu proqramlara yenidən baxdıqdan sonra orada hansı dəyişikliklər edilə bilər? Proqramlar asanlaşdırılacaq, yoxsa müəllimlərin işə qəbulu imtahanlarında təqdim edilən sualların çətinlik səviyyəsi artırılacaq? Hazırda bunlardan hansının edilməsinə daha çox ehtiyac var?

Cavab: Bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqli cəhəti odur ki, onlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır və proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq kompetensiyalara yiyələnməsini təmin edir.

Sual: Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələri ilə bağlı yeni qaydalar hazırlayıb. Həmin qaydaların müzakirəsi başa çatıbmı? Yeni qaydalar  nə zamandan tətbiq edilə bilər?

Cavab: Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanmış və hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra növbəti ildən tətbiqi nəzərdə tutulur.

Sual: Bu qaydalarda gözlənilən əsas dəyişiklik nədən ibarət olacaq? Tələbə köçürmələri asanlaşacaq, yoxsa bu proses sərtləşdiriləcək?

Cavab: Qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlmişdir.

Sual: Özəl ali təhsil müəssisələrində hüquq, jurnalistika və tibb fakültələrinə qəbulun dayandırılması zamanı hansı standartlar əsas götürülüb?

Cavab:Mövcud qaydalara görə, ali təhsil müəssisələrində hər hansı ixtisas üzrə mütəxəssis hazırlığına yalnız tədris, maddi-texniki baza və kadr potensialı olduqda icazə verilir. Bir sıra özəl ali təhsil müəssisələrində digər sahələrlə yanaşı, jurnalistika, tibb və hüquq sahələrinə aid olan ixtisaslar üzrə həmin tələblər ödənilmədiyinə görə kadr hazırlığı dayandırılmışdır.

Sual: Azərbaycanın ali məktəb dərsliklərində müəyyən nöqsanların olduğu bildirilir. Təhsil Nazirliyi tərəfindən bununla bağlı hansısa araşdırmalar aparılırmı və yaxud aparılacaqmı?

Cavab:  Ali məktəb dərslikləri müvafiq sahələr üzrə mütəxəssis alimlər tərəfindən hazırlanır, aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin (rektorun) imzası ilə qrif (nəşr hüququ) alınması məqsədilə Nazirliyə təqdim olunur. Nazirlik isə işi Elmi-Metodik Şuranın müvafiq bölməsinə göndərərək müzakirə olunmasını, tələblərə uyğunluğunun müəyyənləşdirməsini və qərar qəbul edilməsini tapşırır. Bölmənin müsbət qərarı olduğu təqdirdə dərslik təsdiq olunur.
Təcrübə göstərir ki, bu qədər prosedurlardan sonra dərsliklərdə müəyyən problemlər qalır.
Nazirlik bu və digər məsələləri nəzərə alaraq qrif verilməsi məsələsini müəyyən qərar qəbul edilənədək dayandırmışdır.

Sual: Müxtəlif ali məktəb müəllimləri tərəfindən dərsliklər hazırlanaraq ali tədris ocaqlarının tələbələrinə satılır. Həmin dərsliklərə hansı formada nəzarət olunur?

Cavab:  Ali məktəb dərsliklərinin yayılması ümumi qaydalarla həyata keçirilir. Nazirlik bu işə nəzarət etmir və bu, onun funksiyasına daxil deyil.