Sual: Təhsil Nazirliyi peşə təhsilinin inkişafı üzrə 5 ili əhatə edən strategiya hazırlamağı nəzərdə tutur.  Bu strategiyanın hədəfləri nələrdən ibarət olacaq və burada peşə təhsilinin daha çox hansı istiqamət üzrə inkişaf etdirilməsi planlaşdırılır?

Cavab: Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar olaraq 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasının hazırlanmasını planlaşdırır və artıq bu istiqamətdə müəyyən işlər aparılır. Strategiyada ilk peşə-ixtisas təhsilinin inkişafını zəruri edən bütün aspektlərin nəzərdə tutulması planlaşdırılır. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, yeni müasir tipli peşə tədris mərkəzlərinin yaradılması, peşə təhsilində informal və qeyri-formal təhsil növlərinin inkişaf etdirilməsi, təhsil müəssisələrinin lisenziyalaşdırılması, mühəndis-pedaqoji heyətin akkreditasiyadan keçirilməsi, idarəetmə üsullarının təkmilləşdirilməsi və müasirləşdirilməsi, peşə təhsili müəssisələrinə təhsilalanların qəbulunun proqnozlaşdırılması və təhsil müəssisələrinə qəbul qaydalarının dəyişdirilməsi, maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması modelinin yaradılması, yeni məzmunlu təhsil proqramlarının hazırlanması və s. həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sual:  Peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi mexanizminin hazırlanması yekunlaşıbmı? 

Cavab:İlk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin attestasiyadan keçirilməsi mexanizmi yeni strategiyada ümumi attestasiya qaydalarının tərkibində baxılacaqdır. Bu zaman ilk peşə-ixtisas təhsili müəssisələrinin xüsusiyyəti nəzərə alınacaqdır.

Sual: 2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər?

Cavab: Ölkəmizdə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.

Sual: Bununla bağlı Təhsil Nazirliyinə müraciət daxil olub? 

Cavab: Təhsil Nazirliyinə bununla bağlı müraciət daxil olmayıb.

Sual: İkinci növbənin ləğv olunması rus məktəblərinə də şamil olunacaq?

Cavab: Azərbaycandakı məktəblərin hamısı Azərbaycan məktəbləridir. Sadəcə, tədris dilləri müxtəlifdir.

Sual: Bəs ikinci növbənin ləğv olunması məktəblərdə sıxlığa səbəb olmayacaq? 

Cavab: 1 növbəliliyə keçid elə təşkil olunmalıdır ki, məktəbdə süni şagird sıxlığı yaranmasın.

Sual: Azərbaycanda neçə məktəb beşgünlük tədris həftəsinə keçib və neçə məktəbdə 6 günlük tədris həftəsi həyata keçirilir?

Cavab: Bütün I-V siniflərin hamısı 5 günlük tədris həftəsi ilə işləyir. 1 növbəli məktəblərdə də, bir qayda olaraq, 5 günlük tədris həftəsi tətbiq olunur.

Sual: Bu gün Azərbaycanın ali təhsil müəssisələrində olan bəzi ixtisaslar mövcud tələblərə cavab vermir və ya müəyyən ixtisaslar üzrə hazırlanan mütəxəssislər sonradan özlərini təsdiqləyə bilmirlər. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyi nədən ibarətdir? Azərbaycanın ali təhsil müəssisələrində hansı ixtisaslar və ya ixtisaslar üzrə təhsil proqramları dəyişməlidir? Gənclər müasir dövrün tələblərinə uyğun hazırlamaq üçün ali təhsil müəssisələrində hansı konkret işlər görülməlidir?  

Cavab: Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların təsnifatları YUNESCO tərəfindən tərtib olunmuş və Avropa ölkələrində tətbiq olunan ali təhsilin ixtisas kvalifikasiyalarına uyğun hazırlanaraq təsdiq olunmuşdur.
Ali təhsil müəssisələrində mütəxəssis hazırlığının keyfiyyəti akkreditasiya yolu ilə müəyyənləşdirilir. Respublikanın ali təhsil müəssisələri təsdiq olunmuş cədvələ uyğun akkreditasiyadan keçirilir. Akkreditasiya zamanı müəyyənləşdirildikdə ki, hər hansı bir ixtisas üzrə mütəxəssis hazırlığı tələb olunan standarta cavab vermir, həmin ixtisasın proqramı akkreditasiyadan keçməmiş hesab olunur və bu ixtisas üzrə növbəti ildən tələbə qəbulu planlaşdırılmır.

Sual: Bakı şəhərinin mərkəzində olan ali məktəblərin şəhərdən kənara və yaxud bölgələrə köçürülməsi nəzərdə tutulurmu?

Cavab: Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “2009-2013-cü illərdə ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda müasir tipli Universitet şəhərciklərinin - kampusların yaradılması öz əksini tapmışdır. Proqrama uyğun olaraq respublikanın bir necə ali təhsil müəssisəsi üçün, o cümlədən M.Lomonosov adına MDU-nun Bakı filialı və Azərbaycan Diplomatik Akademiyası üçün kampuslar yaradılmışdır. Hazırda Bakı Ali Neft Məktəbinin kampusu inşa olunur.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılmasının təşviqi nəzərdə tutulmuşdur.

Sual: Orta məktəblərin qış mövsümə hazırlıq prosesi necədir? Bu qış mövsümündə neçə məktəb istiliklə təmin ediləcək? Bu qış mövsümündə məktəblərin istiliklə təminatı ilə bağlı problemlərin yaranacağı gözlənilirmi?

Cavab: Ölkə daxilində 1656 məktəb istilik sistemi ilə təmin olunub. 310 məktəb elektrik sobalarından, 469 məktəb mavi yanacaqdan, 386 məktəb duru yanacaqdan, 1680 məktəb isə odundan istifadə olunaraq qızdırılır.
Məktəblərin qışa hazırlıq vəziyyəti qənaətbəxşdir. Bununla belə, məktəblərdə müəyyən problemlər vardır ki, onların da aradan qaldırılması istiqamətində tədbirlər görülür.