Sual: 12 illik təhsil sisteminə keçidlə əlaqədar hansı yeniliklər var?

Cavab:  12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.

Sual: Azərbaycanlı tələbələr daha çox hansı xarici ölkələrdə ali təhsil almağa üstünlük verir?

Cavab: Xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ikitərəfli hökumətlərarası çərçivəsində müqavilələr (dövlət xətti) əsasında həyata keçirilir.
Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ölkələrə, əsasən Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya Federasiyası, Fransa, Niderland Krallığı, ABŞ, İsveçrə, Avstraliya və Çin aiddir.

Sual: Xarici ölkə universitetlərində təhsil alan azərbaycanlı tələbələr daha çox hansı ixtisasları seçir?

Cavab: Dövlət Proqramı və dövlət xətti çərçivəsində azərbaycanlı tələbələrin ən çox təhsil almaq hüququ qazandığı ixtisaslara tibb, iqtisadiyyat, İKT, sosial və humanitar elmlər, mühəndislik, idarəetmə, turizm, neft sənayesi və s. aiddir.

Sual: Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələr arasında hansı ölkə vətəndaşları üstünlük təşkil edir?

Cavab: Azərbaycanda təhsil alan əcnəbi vətəndaşların böyük hissəsi Türkiyə, İran, Türkmənistan, Gürcüstan, Rusiya, Çin və  İraq vətəndaşlarıdır.

Sual: Əcnəbi tələbələr daha çox hansı ixtisasları seçir?

Cavab: Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar daha çox tibb, memarlıq, neft, iqtisadiyyat və humanitar ixtisaslara üstünlük verirlər.

Sual: Ali məktəblərin paytaxtdan kənara köçürülməsi gündəmdədir. Universitetlərin köçürülməsinə nə zaman başlanılacaq?
 

Cavab: Bildiririk ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.
Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır.
 

Sual: Hazırda respublika ərazisində qadın məktəb direktorlarının sayı nə qədərdir?

Cavab: Hazırda qadın məktəb direktorlarının sayı 1169 nəfərdir.

Sual: Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyevin işdən çıxarılması barədə yayılan məlumata aydınlıq gətirməyinizi xahiş edirik.

Cavab: Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.
Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.
Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.

Sual: Təhsil Nazirliyi peşə təhsilinin inkişafı üzrə 5 ili əhatə edən strategiya hazırlamağı nəzərdə tutur.  Bu strategiyanın hədəfləri nələrdən ibarət olacaq və burada peşə təhsilinin daha çox hansı istiqamət üzrə inkişaf etdirilməsi planlaşdırılır?

Cavab: Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar olaraq 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasının hazırlanmasını planlaşdırır və artıq bu istiqamətdə müəyyən işlər aparılır. Strategiyada ilk peşə-ixtisas təhsilinin inkişafını zəruri edən bütün aspektlərin nəzərdə tutulması planlaşdırılır. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, yeni müasir tipli peşə tədris mərkəzlərinin yaradılması, peşə təhsilində informal və qeyri-formal təhsil növlərinin inkişaf etdirilməsi, təhsil müəssisələrinin lisenziyalaşdırılması, mühəndis-pedaqoji heyətin akkreditasiyadan keçirilməsi, idarəetmə üsullarının təkmilləşdirilməsi və müasirləşdirilməsi, peşə təhsili müəssisələrinə təhsilalanların qəbulunun proqnozlaşdırılması və təhsil müəssisələrinə qəbul qaydalarının dəyişdirilməsi, maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, işəgötürən təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması modelinin yaradılması, yeni məzmunlu təhsil proqramlarının hazırlanması və s. həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sual:  Peşə təhsili müəssisələrində müəllimlərin attestasiyadan keçirilməsi mexanizminin hazırlanması yekunlaşıbmı? 

Cavab:İlk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin attestasiyadan keçirilməsi mexanizmi yeni strategiyada ümumi attestasiya qaydalarının tərkibində baxılacaqdır. Bu zaman ilk peşə-ixtisas təhsili müəssisələrinin xüsusiyyəti nəzərə alınacaqdır.