Sual:Maarifçi Tələbə Kredit Fondundan kimlər kredit ala bilər?

Cavab: Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub.
Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Sual:Evdə təhsil necə təşkil olunur?

Cavab: Evdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun təşkil edilir. Hər bir rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) nəzdində Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud və xəstəliyi “Evdə təhsil almaq hüququ verən xəstəliklər”ə aid olan şagirdlər həmin komissiyanın qərarı ilə evdə təhsilə cəlb olunurlar.

Sual:Dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün hansı güzəştlər nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli və 15.08.2014-cü il tarixli 279 nömrəli Qərarlarına əsasən dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində (kənd rayonlarında yerləşən) əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulub. 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilməsi nəzərdə tutulub.

Sual:Xaricdə təhsil üzrə yeni Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulurmu?

Cavab: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ötən il başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb və hazırda həmin proqramla bağlı qurumlararası müvafiq məsləhətləşmələr aparılmaqdadır.
Proqram qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Sual:Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsində məqsəd nədir? Ötən il diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilibmi?

Cavab: Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
İlk dəfə Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər müvafiq təlimlərə cəlb edilib. Təlimlər bitdikdən sonra həmin kontingent yenidən imtahan verib və yüksək nəticə göstərib.

Sual:Bu il müəllimlərin işə qəbulu üzrə imtahanlar nə vaxt keçiriləcək? Vakant yerlərin sayı müəyyənləşdirilibmi?

Cavab: Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə müsabiqələr hər il olduğu kimi, bu il də tədris ilinin sonu keçiriləcəkdir.
Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər haqqında məlumatlar hər tədris ilinin sonunda Təhsil Nazirliyinə təqdim olunur.

Sual:“Elektron məktəb” layihəsinin məqsədi nədir? Bu layihənin rayonlarda tətbiqi gözlənilirmi?

Cavab:   Hazırda ölkə üzrə 43 ümumi təhsil müəssisəsi “Elektron məktəb” layihəsinə cəlb olunub. Layihənin məqsədi informasiya-kommunikasiya texnologiyalarının təhsil sistemində geniş və hərtərəfli istifadəsi, o cümlədən əldə edilmiş müsbət nəticələrin Azərbaycanın digər təhsil müəssisələrində tətbiqidir. “Elektron məktəb” layihəsinə cəlb olunan ümumtəhsil məktəbləri Bakı, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Şamaxı, Quba, Tovuz, Ağdaş və Ağstafada yerləşir.
“Elektron məktəb” layihəsi çərçivəsində seçilmiş təhsil müəssisələrində vahid informasiya mühiti yaradılıb, təhsil müəssisələri zəruri avadanlıqlar, proqram təminatı ilə təmin edilib, kadrların (inzibati, pedaqoji, texniki və s.) İKT sahəsində bilik və bacarıqlarının artırılması üçün tədbirlər görülüb. Bununla yanaşı, təhsil müəssisələri fiber-optik kabel vasitəsi ilə Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxışla təmin edilib.
Eyni zamanda “Elektron məktəb” layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Bu həllər vasitəsilə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elekton jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS-lər vasitəsilə izləyə bilir.

Sual: 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri nə vaxt keçiriləcək?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcəkdir.

Sual: Əgər tələbənin oxuduğu əyani ixtisasın qiyabisi yoxdursa və tələbə üzrlü səbəblərdən təhsil formasını qiyabi davam etdirmək istəyərsə, bu mümkündürmü? Nəzərə alaq ki, tələbə birinci kursu müvəffəqiyyətlə başa vurub. Bu zaman vətəndaş hara və hansı sənədlərlə müraciət etməlidir?

Cavab: Əgər tələbə əsaslı səbəblərdən təhsilini əyani şöbədə davam etdirə bilmirsə və oxuduğu ixtisas üzrə qiyabi təhsilalma forması yoxdursa, o, uyğun ixtisasa köçürülə bilər. Bu zaman o, köçürülmə səbəblərini təsdiq edən sənəd, akademik arayış (transkript) və ərizə ilə köçürülmək istədiyi ali təhsil müəssisəsinin tabeliyində olduğu mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir.

Sual: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələr hansı şərtlər əsasında seçilir?

Cavab: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq həyata keçirilir.