Sual: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində neçə nəfər məzun olub?

Cavab: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olanların sayı 500-ə yaxındır (bu günədək məzun olduğu haqda rəsmi sənədi nazirliyə 448 nəfər təqdim etmişdir).

Sual: Məzunların neçəsi işlə təmin edilib? 

Cavab: Təəssüflər olsun ki, bu sahədə indiyədək statistika aparılmamışdır. Hazırda beynəlxalq təcrübəyə əsaslanaraq həm xarici dövlətlərin, həm də yerli ali təhsil müəssisələrinin məzunlarının statistikasının aparılması, təhsilin keyfiyyət və kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi, bunun əsasında əmək bazarında mövcud olan və gələcəkdə yaranacaq trendlər əsasında ixtisas prioritetlərinin müəyyənləşdirilməsi,  karyera mərkəzlərinin yaradılması istiqamətində işlərin aparılması nəzərdə tutulmuşdur.

Sual: TQDK yeni təhsil islahatı olan kurikuluma əsasən hazırlanan dərsliklərin bir neçəsinin yenidən hazırlanmaya ehtiyacı olduğunu bildirir. Problem əsasən ibtidai sinif dərslikləri ilə bağlıdır. Qurumun mənfi rəy verdiyi dərsliklərlə bağlı məsələ necə olacaq?

Cavab: Məzmunca daha keyfiyyətli dərsliklərin nəşri üçün nəzərdə tutulmuş bütün rəy və təkliflər, o cümlədən TQDK tərəfindən təqim edilmiş monitorinq qiymətləndirmələrinin nəticələri Nazirlik tərəfindən dərslik müəlliflərinə təqdim edilərək onlar tərəfindən daha keyfiyyətli dərsliklərin hazırlanması üçün  müvafiq addımlar atılacaqdır.

Sual: Növbəti dərs ilinə qədər bütün dərsliklər yenidən çap olunacaqmı? Olunmayacaqsa, vəziyyətdən çıxış yolu kimi Nazirlik nəyi təklif edir?

Cavab: Növbəti dərs ili üçün ehtiyac duyulan və hazırlanması nəzərdə tutulmuş dərsliklər nəşr olunacaqdır.

Sual: Çap olunan dərslikləri Qiymətləndirmə Şurası qiymətləndirəcək, yoxsa bu, TQDK-nın öhdəsinə düşəcək?

Cavab:  Məlum olduğu kimi məktəb dərsliklərinin müəllifliyi Təhsil Nazirliyinə məxsus deyil. Mövcud qanunvericiliyə əsasən seçilmiş müəlliflər tərəfindən hazırlanmış dərsliklərin qiymətləndirilməsi Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir.

Sual: “Müəllimlərin fəaliyyətinin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə əlaqədar Nazirlik hər hansı layihə hazırlayıb təqdim edibmi?”

Cavab: Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” Sərəncamının icrası istiqamətində Nazirlər Kabineti tərəfindən Konsepsiya layihəsi Təhsil Nazirliyinə daxil olmuşdur.
Təhsil Nazirliyi müvafiq rəy və təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.