2017-2018-ci tədris ilində Çin Xalq Respublikasında (ÇXR) hökumətlərarası müqavilə çərçivəsində (dövlət xətti) təhsil almaq üçün müraciət edən namizədlər tərəfindən tez-tez verilən suallar

Sual: Çində təhsilə müraciət etmək üçün lazım olan sənədlərin siyahısını hardan əldə edə bilərəm?

Cavab: www.edu.gov.az internet səhifəsinin ELANLAR bölməsindən ÇXR ali məktəblərinə qəbul ilə bağlı təhsil səviyyələri üzrə tələb olunan bütün sənədlərin siyahısını əldə edə bilərsiniz.

 

Sual: Dövlət xətti üzrə ÇXR-da təhsil hansı dildədir?

Cavab: Çin ali məktəbləri tədris dili kimi çin dilinə üstünlük verir. Lakin müəyyən ÇXR ali məktəblərində tədrisi ingilis dilində olan proqramlar da tapmaq mümkündür.

 

Sual: Çin dili bilməyən tələbə ÇXR ali məktəblərində təhsil ala bilər?

Cavab: Dövlət xətti ilə ÇXR ali məktəblərinə qəbul olunan tələbələr oxuduğu ixtisasdan asılı olaraq 1 və ya 2 il müddətində çin dili üzrə hazırlıq kursu keçirlər. Hazırlıq kursu müddəti bitdikdən sonra tələb olunan dil səviyyəsinə malik olmayan tələbələr təhsil almaq imkanından məhrum olurlar.

 

Sual: Müraciət oluna biləcək ÇXR universitetlərinin siyahısı ilə hansı ünvandan tanış olmaq olar?

Cavab: İştirak edən universitetlər barədə məlumat elanın 1-ci səhifəsindəki keçiddə yerləşdirilmişdir.

 

Sual: Dövlət xətti üzrə ÇXR ali məktəblərində təhsil almaq üçün imtahan vermək lazımdır?

Cavab: Xeyr, imtahan vermək lazım deyil.

 

Sual: Dövlət xətti üzrə ÇXR ali məktəblərinə qəbul necə həyata keçirilir?

Cavab:  - İlk növbədə ÇXR ali məktəblərinə qəbul üçün tələb olunan bütün sənədlər (müraciət olunan təhsil səviyyəsi üzrə) müvafiq qaydada göstərilən tarixə qədər Təhsil Nazirliyinə (china.admissions@edu.gov.az  elektron poçtuna) göndərilir.

- Müsabiqə zamanı tələb olunan bütün sənədləri (müraciət olunan təhsil səviyyəsi üzrə) müvafiq qaydada təqdim etdiyiniz və Təhsil Nazirliyi tərəfindən keçirilən müsahibədə uğur qazandığınız təqdirdə sizin namizədliyiniz Çin tərəfinə göndərilir.

- Yekun nəticə isə Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən iyul ayından gec olmayaraq elan edilir.

 

Sual: http://www.csc.edu.cn/studyinchina/  linkində yerləşdirilən “Elektron Ərizə Forması” nə zaman doldurulur?

Cavab: Təhsil Nazirliyi tərəfindən keçirilən müsahibədə uğur qazandıqdan sonra namizədlər “Elektron Ərizə Formasını” doldururlar.

 

Sual:  “Elektron Ərizə Forması”nda neçə universitet seçimi etmək mümkündür və yerləşdirmə necə aparılır?

Cavab: Namizədlərə ÇXR Təqaüd Proqramında iştirak edən universitetlərdən 3-ünü seçim etmək imkanı verilir. Universitetə yerləşdirmə ÇXR tərəfindən aparılır və “Elektron Ərizə Forması”nda təhsil almaq üçün seçilən 3 universitetdən birində yerləşdirilir.

Qeyd: ÇXR Təqaüd Proqramı çərçivəsində iştirak edən (sizin seçim etmədiyiniz) digər bir universitetə də yerləşdirilə bilinir.

 

Sual: Müraciət üçün istədiyiniz sənədlərdən bəzilərinin ingilis dilində və notariat qaydada təsdiqli istənilir. Olar sənədlərin (diplom və əlavəsi, hərbi bilet) orijinalını olduğu kimi skan edib göndərim, tərcümə və təsdiqli formasını isə müsahibəyə gələrkən özümlə gətirim?

Cavab: Xeyr, bu mümkün deyil. Sənədlərin müvafiq qaydada göndərilməsi vacibdir. Sənədləri natamam olan və ya tələb olunan formada göndərilməyən ərizəçinin müraciəti barədə rəyin verilməsi mümkün olmayacaq və bu haqda məlumat verilməyəcək.

 

Sual: Tədqiqat işinin planı dedikdə nə nəzərdə tutulur?

Cavab: Bakalavriat səviyyəsi üçün müraciət edənlər - təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz haqqında minimum 500 sözdən ibarət qısa xülasə.

Magistratura və doktorantura səviyyələri üçün müraciət edənlər - təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə.

 

Sual: ÇXR ali məktəblərində təhsil səviyyələri üzrə təhsil müddəti necə müəyyən edilir?

Cavab: Bakalavriat səviyyəsi üzrə təhsil müddəti ixtisasdan asılı olaraq 4-5 il arasında dəyişir.

Magistratura səviyyəsi üzrə təhsil müddəti ixtisasdan asılı olaraq 2-3 il arasında dəyişir.

Doktorantura səviyyəsi üzrə təhsil müddəti ixtisasdan asılı olaraq 3-4 il arasında dəyişir.

 

Sual: Hal-hazırda 4-cü kurs tələbəsi olduğum üçün diplom təqdim edə bilməyəcəyəm. Qiymətlərin çıxarışını təqdim etmək olar?

Cavab: Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə)  və transkripti (fənlər üzrə akademik göstəricilər) təqdim etməklə siz müsabiqədə iştirak edə bilərsiniz (azərbaycan və ingilis dilində).

               

Sual: Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi bileti təqdim etməliyəm?

Cavab: Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

 

Sual:  Təhsil səviyyələri üzrə yaş məhdudiyyəti mövcuddur?

Cavab: Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 25, 35 və 40 yaş müəyyən edilmişdir.

 

Sual: Dövlət xətti çərçivəsində qarşılanan xərclər hansılardır?

Cavab: 

Çin tərəfindən:

• Ali məktəbdə qeydiyyat xərci

• Təhsil haqqı

• Laboratoriya xərci

• Təcrübə (internship) xərci

• Tədris materialları

• Yataqxana xərci

• Aylıq yaşayış xərci

 

Təhsil Nazirliyi tərəfindən:

Aviabilet (hər tədris ilində yalnız bir dəfə - gediş-gəliş bileti)

 

Sual: Təqaüd Proqramında bir təhsil ili üzrə ÇXR tərəfindən nə qədər  təqaüd verilir?

Cavab: Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:

 

• Bakalavriat tələbələri üçün:  59200- 66200 Yuan arası

•  Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası

• Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası

 

Sual: Çin ali məktəblərində təhsil almaq məqsədilə Təhsil Nazirliyinə dəvət olunan namizədlər ilə müsahibə ingilis dilində olur?

Cavab: Xeyr. Müsahibə Azərbaycan dilində aparılır. Namizədlərin ingilis dili bilikləri isə yoxlanılır.