Müəllimlərin işə qəbulu ilə bağlı verilən suallara cavab

Sual: Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı nə vaxt başa çatıb?

Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına iyulun 1-də başlanılıb, iyulun 17-də isə bu proses başa çatıb.

 

Sual: Müraciət edənlərdən neçə nəfərin ərizəsi təsdiq olunub?

Cavab: Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31779 nəfərin elektron ərizəsi təsdiq edilib.

 

Sual: Müsabiqənin test mərhələsi nə zaman keçiriləcək ?

Cavab: Test mərhələsinin keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndəriləcək.

 

Sual:  Bu il neçə vakant yer müsabiqəyə çıxarılıb?

Cavab: Hazırda respublikanın ümumi təhsil müəssisələrində olan 3346 vakant yer müsabiqəyə çıxarılıb.

 

Sual: Müraciət edənlər arasında daha çox hansı ixtisas üzrə namizədlər üstünlük təşkil edir ?

Cavab: Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

 

Sual: Müsabiqə neçə mərhələdə keçirilir ?

Cavab: Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

 

Sual: Vakansiya seçimi nə zaman aparılacaq ?

Cavab: Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

 

             Sual: Namizədin elektron ərizəsi hər hansı bir səbəbdən ləğv edilə bilərmi ?

Cavab: Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.Qeyd edək ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az  saytında yerləşdirilib.  

 

Sual: Namizədlər qeydiyyatdan necə keçə bilərlər?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

 

Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

Cavab: İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

 

Sual: 10 ildən artıq pedaqoji stajı olub 3 ildən az müddətə işdən ayrılan müəllimlərin yenidən işə qəbulu hansı qaydada həyata keçirilir?

Cavab: Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu Nazirlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir. Həmin şəxslərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakına məhdudiyyət nəzərdə tutulmur.

 

Sual: Həvəsləndirmə tədbirləri kimlərə şamil olunur?

Cavab: Həvəsləndirmə tədbirləri dövlət sifarişinə əsasən kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir.

 

 Sual: Həvəsləndirmə tədbirlərinə nələr daxildir?

Cavab: Əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım.

- rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya;

- rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya və aylıq əməkhaqqına 100 (yüz) manat məbləğində əlavə;

 

Sual: Test imtahanında səhv cavablandırılmış sualların sayı düzgün cavablandırılmış sualların sayına təsir edirmi?

Cavab: Xeyr. Test imtahanın balı hesablanarkən səhv cavabların sayı düz cavabların sayına təsir etmir, düz cavabların sayına uyğun bal verilir.

 

Sual: Test imtahanın nəticələrində hansı keçid balı tətbiq olunacaq?

Cavab: Test imtahanında keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60%, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80% nəzərdə tutulmuşdur.