Uşaqların övladlığa götürülməsi proseduru

Azərbaycanda övladlığa uşaq götürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117-135-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20.09.2000-ci il tarixli, 172 nömrəli Qərarı ilə tənzimlənir.
Azərbaycan Respublikasının vətəndaşı ilkin qeydiyyata alınmaq üçün müvafiq sənədlər toplayaraq (sənədlərin siyahısı əlavə olunur) pasport qeydiyyatında olduğu Rayon İcra Hakimiyyətinin (RİH) Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək qeydiyyata götürülür.
Qeydiyyata alındıqdan sonra övladlığa 0-3 yaş arası uşaq götürmək istədiyi təqdirdə vətəndaşa məxsus sənədlər Səhiyyə Nazirliyinə, övladlığa 3-18 yaş arası uşaq götürmək istədiyi təqdirdə isə Təhsil Nazirliyinə ünvanlanır. Beynəlxalq övladlığa verilmə isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 120-ci maddəsinə əsasən, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:
1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.
6. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15.08.2000-ci il tarixli, 141 nömrəli Qərarı )
7. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.