“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq, həmçinin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli 5 nömrəli Qərarına əsasən De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Ökədə yoxsulluğun azaldılması və sosial-iqtisadi vəziyyətin yaxşılaşması zəminində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və belə müəssisələrdə olan uşaqların sayının tədricən azaldılması;
- Uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin sayının azaldılması, dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, alternativ qayğı və sosial xidmətlər sisteminin (icma və ailə əsaslı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s.) yaradılması;
- Uşaqların ailələrə (bioloji və ya alternativ) verilməsi imkanlarının genişləndirilməsi;
- Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu məktəblərdə onların sağlam uşaqlarla birgə (inklüziv) təhsilinin təşkili üçün tədbirlərin görülməsi.
Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı təşkilatlar, qeyri-hökümət və beynəlxalq qurumlarla əməkdaşlıq həyata keçirilir.
 
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin sahəsi üzrə işin başlıca təşkili vəzifələri:
- Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar dövlət orqanları, qeyri-dövlət qurumları və beynəlxalq təşkilatlar arasında  De-institusionalizasiya məsələlərinin həlli sahəsində səmərəli əməkdaşlığın və koordinasiyasının təmin edilməsi;
- Təhsil Nazirliyi sistemində olan dövlət uşaq müəssisələrində təlim-tərbiyə alıb yaşayan valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların vaxtında aşkar edilməsi, övladlığa, qəyyumluğa (himayəyə) və himayədarlığa verilməsi ilə bağlı işlərin Rayon və Şəhər İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla sıx əməkdaşlıq çərçivəsində tənzimləməsi;
- Uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin və bu tipdən olan digər müəssisələrin fəaliyyətlərinin Dövlət Proqramının tələblərinə uyğun qurulması üzrə işlərin təşkil etdirilməsi, günərzi-qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin, dövlət uşaq müəssisələrinin və idarənin kurasiyasında olan digər müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi;
- Valideyn himayəsindən məhrum olmuş, çətin həyat şəraitində olan və sağlamlıq imkanları məhdud (0-18 yaş arasında) uşaqların vaxtında aşkarlanmasını və ehtiyacları nəzərə alınaraq reabilitasiya-inkişaf, günərzi-qayğı və digər alternativ qayğı mərkəzlərinə yönləndirilməsinin təmin edilməsi;
- Təhsil Nazirliyinin sistemində olan dövlət uşaq müəssisələri və alternativ qayğı müəssisələrinə təşkilati-pedaqoji, tədris-metodiki rəhbərliyin həyata keçirilməsi;
- Respublika uşaq müdafiəsi sahəsində informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarını genişlənməsi ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi;
 
Aşağıdakı funksiyaların icra edilməsi sayəsində uşaq müdafiəsi üzrə fəaliyyətin tənzimlənməsi təmin olunur:
-  Nazirliyin uşaq müdafiəsi və inklüziv təhsil strategiyası üzrə öhdəliklərinin həyata keçirilməsi.