Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında qaydalar

I. Ümumtəhsil məktəblərinə şagird qəbulu
 
1.1. Ümumtəhsil məktəblərinə şagird qəbulu I və X siniflər üzrə aparılır.
1.2. Uşaqların I sinfə qəbulunu ümumtəhsil məktəbində direktorun əmri ilə təşkil olunmuş komissiya həyata keçirir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu və həkimi, VMA-nın nümayəndəsi daxil edilir. Məktəbin direktoru komissiyanın sədri olur.
1.3. Bir qayda olaraq ümumtəhsil məktəblərinin I siniflərinə hər il sentyabrın 15-dək (15-i də daxil olmaqla) 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər.
1.4. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci bəndinə görə, xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbuluna yol verilir. Bununla əlaqədar:
1.4.1. 6 yaşı 16 sentyabr - 31 oktyabr müddətində tamam olmuş istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məktəbdə təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir.
1.4.2. 6 yaşı noyabr ayı ərzində tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir.
1.5. Bu və ya digər səbəbdən vaxtında məktəbə gedə bilməyən uşaqların I sinfə qəbulu məsələsinə fərdi qaydada Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul olunur.
1.6. Uşaqların I sinfə qəbulu, bir qayda olaraq, sentyabrın 15-dək başa çatdırılır. Ümumtəhsil məktəbinin direktoru ərazi üzrə məktəb yaşına çatmış uşaqların bütünlüklə təhsilə cəlb olunması ilə bağlı zəruri təşkilati tədbirlər həyata keçirir.
1.7. Üzrlü səbəblər (xəstəlik, yaşayış yerinin dəyişməsi və s.) istisna olunmaqla ÜM-1 hesabat formasının təsdiqindən sonra I sinfə uşaq qəbuluna icazə verilmir.
1.8. Uşaqların I sinfə qəbulu valideynlərindən birinin (digər qanuni nümayəndənin) ərizəsi əsasında aparılır. Ərizəyə uşağın sağlamlığı haqqında tibbi arayış, doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surəti əlavə olunur. Valideynin (digər qanuni nümayəndənin) ərizəsində uşağın təhsil alacağı təlim dili, öyrənəcəyi xarici dil, məktəbə hazırlıq mərhələsini keçib-keçməməsi qeyd edilir.
1.9. Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilir.
1.10. Valideynin arzusundan asılı olmayaraq, heç bir halda şagirdin təkrar I sinifdə oxumasına yol verilmir.
1.11. Ümumtəhsil məktəblərinin X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi əsasında aparılır.* (*İcbari ümumi orta təhsil üzrə ilk buraxılış 2016/2017-ci dərs ilinə təsadüf etdiyindən tam orta təhsil səviyyəsinin ilk sinfinə - X sinfə şagirdlərin seçim əsasında qəbulu da həmin dərs ilindən etibarən həyata keçiriləcəkdir.)
 
1.12. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dilin uyğunluğu vacib şərt kimi nəzərə alınır.
1.13. Şagird digər xarici dil tədris edilən məktəbin X sinfinə ərazidə başqa bir orta məktəb olmadığı halda qəbul edilə bilər. Həmin şagird qəbul edildiyi bu məktəbdə tədris olunan xarici dili, yaxud əvvəl oxuduğu məktəbdə keçdiyi xarici dili müstəqil şəkildə öyrənib orta məktəb kursu üzrə imtahan vermək barədə müraciət edərsə, ondan imtahan götürülməsinə icazə verilir. Bu məsələ məktəb direktorunun təqdimatı əsasında rayon təhsil şöbəsi tərəfindən tənzimlənir.
1.14. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra orta ixtisas və texniki peşə təhsili müəssisələrinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. X sinfə qəbul barədə ərizə ÜM-1 hesabat forması təsdiq edildikdən sonra verilərsə, həmin şagird yeni gələn şagird kimi əmrləşdirilir.