Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.04.2014-cü il tarixli 445 nömrəli əmrinə əsasən 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilmişdir. Müvafiq qaydalar və reqlamentləşdirici sənədlər toplusu təsdiq edilmiş, müsabiqə və apelyasiya komissiyaları yaradılmışdır.
Müsabiqənin keçirilməsi ilə əlaqədar Nazirliyin internet saytında müəllimlərin işə qəbulu üzrə vakant yerlər barədə elan verilmiş, 1-15 iyul 2014-cü il tarixlərində elektron ərizələrin qəbulu aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 17962 nəfər ərizə vermiş, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılmışdır. İmtahanlar 2014-cü il iyul ayının 21-dən 27-dək davam etmişdir. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılmış, 30-31 iyul və 1 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanmışdır.
 “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında  Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
 
ƏMR EDİRƏM:
 
1. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
2.1. Müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb onlarla 1 sentyabr 2014-ci il tarixindən əmək müqavilələrinin bağlanmasını təmin etsinlər.
2.2. Həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.
2.3. Yeni işə qəbul edilmiş ibtidai və V-VII siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçirilməsini təşkil etsinlər.  
2.4. Dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
2.5. Müsabiqə yolu ilə işə qəbul olunan, həmçinin həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərdə pedaqoji fəaliyyətə başlayan müəllimlər haqqında cari ilin oktyabr ayının 1-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etsinlər.
3. İnsan resursları şöbəsi (F.Qədirov):
3.1.  2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsi olaraq boş qalan, yerlərdən daxil olan məlumatlar əsasında yeni yaranmış vakant yerlərin təhlilini aparsın və müsabiqədə iştirak edib keçid balını toplayan, lakin heç bir yer tutmayanlar üçün cari ilin avqustun 31-dək əlavə yerləşdirmə aparılmasını təşkil etsin.
3.2.  2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin  nəticələrinin geniş təhlilini aparsın və rəhbərliyə müvafiq hesabat təqdim etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə işə qəbul olunmuş müəllimlərin siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini, bu əmr və ona əlavə olunmuş siyahıların aidiyyəti üzrə yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Əsas: 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə             müəllimlərin   işə   qəbulu   üzrə   müsabiqənin   nəticələrinə dair  Aparat  rəhbəri M.Eynullayevin təqdimatı.
 
 
Mikayıl Cabbarov, 
Azərbaycan Respublikasının təhsil naziri 
8 avqust 2014-cü il  
№ 870

 
Əlavə :